İsrailin BMT-dəki nümayəndəsindən İrana qarşı təhdid

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Denni Danon hədələyib ki, əgər İran İsrailə hücum edərsə, onlar kimsəni gözləmədən sərt cavab verəcəklər.

ABŞ-da fəaliyyət göstərən "Newsmax" kanalına açıqlama verən Danon bildirib ki, onlar ABŞ ilə koordinasiyalı şəkildə hərəkət edirlər.

Bununla belə, İranın İsrailə hücumu təqdirində heç kimi gözləməyəcəklərini vurğulayan Danon bəyan edib: "Biz cavab verəcək və onlara ağır zərbə endirəcəyik".

Danon iddia edib ki, istər danışıqlar, istər iqtisadi sanksiyalar, istərsə də hərbi səylər vasitəsilə olsun, üç məqsədə nail olunmalıdır: İranın nüvə silahına sahib olmamasını təmin etmək, onun ballistik raket təhdidini davam etdirməsinin qarşısını almaq və proksi qruplara dəstəyini dayandırmaq.

İsrailin Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasındakı gözlənilən çıxışı üçün ABŞ-a səfərinin sıx qrafik səbəbindən çox qısa olacağını qeyd edən Danon bildirib ki, Netanyahu Nyu-York Şəhər Şurasının üzvü Zohran Mamdaninin tənqidlərinə baxmayaraq, bu səfəri həyata keçirəcək.

Xatırladaq ki, sentyabrın 3-də verdiyi açıqlamada İsrailin müdafiə naziri Yisrael Kats bəyan etmişdi ki, əgər İran İsrailə hücum edərsə, ordu İranın bütün infrastrukturunu, o cümlədən enerji sektorunu hədəf alacaq.

“Biz İranı Daş dövrünə və qaranlığa qaytaracağıq".

Sentyabrın 10-da Kats yenidən İranı hədələyərək bildirib ki, "İran tərəfindən hər hansı hücum" baş verəcəyi təqdirdə Tehranın əsas enerji obyektlərinə qarşı güclü cavab tədbirləri görüləcək.