İnanclı xanımların məhkəməsindən: “Sən mənim qolumu qıran həmin polissən”

Altı inanclı xanımın növbəti məhkəmə iclası baş tutub. Sentyabrın 24-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində keçirilən iclasda şahidlər dindirilib.

İlk şahid xanımların ehsan payladığı ərazidə yerləşən mağazanın sahibi olub. O, hadisə zamanı orada olmadığını və məsələdən xəbərsiz olduğunu bildirib.

Ardınca şahid qismində iki polis əməkdaşı ifadə verib. Bir-birinə zidd ifadələr verən polis əməkdaşlarının dediklərinə inanclı xanımlar etiraz edərək onların yalan danışdığını bildiriblər.

Şəhla Fərəcova polis əməkdaşlarından birinə “Sən mənimlə zorakı davranan və mənim qolumu qıran həmin polissən. Məni o zaman da zorla ittiham edərək etmədiyim əməllərə görə mənə fiziki təzyiq göstərdin” deyib. Bu isə hakimin etirazına səbəb olub. Hakim Şəhla Fərəcovaya susmağı əmr edib.

Fərəcovanın məhkəmənin həqiqəti eşitməkdənsə, sifarişi icra etməkdə maraqlı olduğunu söyləməsi hakimin xanımın məhkəmə zalından çıxarılması barədə göstəriş verməsi ilə nəticələnib.

Şəhla Fərəcovanın zaldan çıxarılması digər inanclı xanımların etirazına səbəb olub. Onlar hakimi ədalətin deyil, polislərin tərəfində olmaqda və həqiqəti eşitmək istəməməkdə günahlandırıblar. Həmçinin bildiriblər ki, Şəhla xanım zala qaytarılmasa, onlar da məhkəmədə iştirak etməkdən imtina edəcəklər.

Bundan sonra hakim Şəhla Fərəcovanı yenidən məhkəmə zalına qaytarıb.

“Sizə görə əsla geri dönməzdim. Yalnız dəyərli bacılarımın istəyi ilə yenidən qayıtmışam”, – deyə əsa ilə çətinliklə yeriyən Fərəcova hakimə bildirib.

Bununla da məhkəmə iclası başa çatıb və növbəti iclasın vaxtına qədər təxirə salınıb.

Xatırladaq ki, Nigar Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin (ə) 40 mərasimi – Ərbəin günü ehsan payladıqları üçün saxlanılıblar.

İnanclılar barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb.

Xanımlar irəli sürülən ittihamları qəbul etmir və məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını tələb edirlər.