İnquşetiyada seriya terror aktlarının qarşısı alınıb

İnquşetiyada təhlükəsizlik qüvvələri seriya terror cinayətlərinin qarşısını alıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimiayyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, cinayətləri respublikanın Maqas və Nəzran şəhərlərinin səkkiz sakini hazırlayıb. Onlar enerji infrastrukturu obyektlərində təxribat törətmək və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etmək niyyətində olublar.
“Cinayətkar dəstə üzvlərindən biri silahlı müqavimət göstərib və həyatla bir araya sığmayan bədən xəsarətləri alıb, qalanları isə həbs edilib”, deyə məlumatda qeyd olunub.

Saxlanılan şəxslərin yaşayış yerində, gizləndiyi yerlərdə və anbarlarda təhlükəsizlik qüvvələri təxminən 10 kiloqram trotil tutumu olan əldəqayırma bomba, qumbaraatan, beş pulemyot, doqquz tapança, 11 qumbara, 500 patron, həmçinin elektron saxlama vasitələri tapıblar. Onların telefonlarında döyüş əməliyyatlarının aparılmasına dair təlimatlar və partlayıcı və yandırıcı qurğuların yığılması ilə bağlı təlimatlar da tapılıb.
Faktla bağlı FTX-nın İnquşetiya üzrə istintaq şöbəsində “Diversiyaya hazırlıq”, “Odlu silahların qanunsuz dövriyyəsi” və “Partlayıcı qurğuların qanunsuz istehsalı” maddələri ilə cinayət işi açılıb. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.