Prokurorluq Elgün İbrahimovun hündürlükdən yıxılaraq öldüyünü deyir, amma anası...

Ölümü bütün ölkədə müzakirələrə səbəb olan 18 yaşlı Elgün İbrahimovun hündürlükdən yıxılaraq aldığı xəsarətlər nəticəsində vəfat etdiyinin müəyyən olunduğu bildirilir.

Bu barədə mayın 29-da Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında vurğulanır.

Əlavə edilib ki, cinayət işi üzrə bütün fərziyyələr, onun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb: "... Şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici, daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi... ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilib ki, Elgün İbrahimova hər hansı... xəsarət yetirilməyib, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməyib, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb".

Vurğulandığına görə, həmçinin müəyyən edilib ki, E.İbrahimov mayın 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb.

Ana intihar versiyasına inanmır...

Birgə rəsmi açıqlamaya, hələlik, onun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Amma bugünlərdə onun anası Fizzə Zeynalova yerli mediaya açıqlamasında oğlunun intihar edə biləcəyini istisna etmişdi: "Ola bilməz, mənim uşağım həyatdolu uşaq idi. Nəyə görə intihar etməli idi?!", - o, rəsmi açıqlamadan bir gün öncə "TV Müsavat"a müsahibəsində vurğulamışdı.

Yerli mediada mayın 13-nə keçən gecə Gəncə sakini, 18 yaşlı E.İbrahimovun Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat etdiyi barədə məlumatlar yayılmışdı. Faktla bağlı cinayət işi açılsa da, sosial şəbəkələrdə işin açılmaması ilə bağlı tənqidlər səslənmişdi.