Jurnalistdən zorakılıqla bağlı təcridxanada izahat alınıb

MeydanTV-yə dair cinayət işi üzrə həbs olunan jurnalist Ülviyyə Əlidən (Quliyevadan) zorakılığa məruz qalmasıyla bağlı izahat alınıb. Jurnalistin yaxınlarının AzadlıqRadiosuna verdiyi bilgiyə görə, mayın 29-da prokuror Bakı İstintaq Təcridxanasında bu məsələ ilə əlaqədar onu dindirib.

Ü.Əli mayın 7-də Xətai rayon Məhkəməsində haqqında həbs qərarı verilən iclasda çıxış edərkən, onunla qaba davranılmasından, döyülüb, başından zərbələr almasından danışıb. Məhkəmədə jurnalistin zorakılıqla bağlı şikayətinin araşdırılması üçün prokurorluğa göndərilməsi qərar alınıb.

"Üstündən bir aya yaxın vaxt keçir, onun zorakılıqla bağlı şikayətini indi araşdırmağa başlayıblar. Başına vurulan zərbələrdən onun səhhətində ciddi problemlər yaranıb. Kəskin başağrısı, qusma halları var. Dəfələrlə demişik, müxtəlif qurumlara müraciət etmişik, hələ də müayinə etmirlər", – yaxınları belə söyləyiblər.

Bugünlərdə mediada Ü.Əlinin məktubu yayılıb. O, həmin məktubunda məruz qaldığı zorakılığın fəsadlarından əziyyət çəkdiyini vurğulayıb: "Zərbələrdən sonra elə bir gün yoxdur ki, başağrısı, ürəkbulanma, başgicəllənməsi, göz qaralması olmadan ötsün. Bu səbəbdən günə iki-üç ədəd ağrıkəsici içirəm, amma bu, səmərəli müalicə üçün kifayət deyil".

Jurnalistin indiki durumuyla bağlı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən şərh almaq mümkün olmayıb.

Ü.Əli mayın 6-da axşam saatlarında saxlanılıb və ertəsi gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın qərarı ilə onun haqqında 1 ay 29 günlük həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ü.Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

Jurnalistin zorakılığa məruz qalması haqda şikayətinə Daxili İşlər Nazirliyindən də şərh almaq mümkün olmayıb.

Jurnalist bu il yanvarın 16-da Bakı şəhər Baş Polis İdarəsində "MeydanTV işi" ilə əlaqədar dindirilib, onun ölkədən çıxışı yasaqlanıb. O, qadağanın ləğvi üçün məhkəməyə üz tutsa da, ərizəsi təmin edilməyib və ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırılmayıb.

Ü.Əli MeydanTV ilə əməkdaşlıq etmədiyini söyləyib: "MeydanTV ilə heç bir işgüzar bağlılığım yoxdur. Hətta belə bağlılığım olsa belə, MeydanTV ilə əməkdaşlıq cinayət deyil".

Xatırlatma

MeydanTV ilə əməkdaşlıq edən bir çox jurnalist ötən ilin dekabrında həbs olunub. Onlardan Aynur Qənbərova (Elgünəş)Aysel UmudovaNatiq CavadlıAytac Əhmədova (Tapdıq)Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) dekabrın 6-dan həbsdədirlər. Eyni zamanda Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs edilib. Həbsdəkilərin hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Adları çəkilən şəxslərdən başqa, fevralda daha üç jurnalist eyni cinayət işi üzrə həbs olunub. Fevralın 4-də arqument.az saytının rəhbəri Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də isə Fatimə Mövlamlı saxlanılıb.

Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını söyləyirlər.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs olunmur. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında, azı, 350 civarında siyasi məhbus var.