Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur.

107 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur”.