AXCP fəalı Zaur Rzalıya qarşı cinayət işi açılıb

AXCP sədrinin ictimai əsaslarla sürücüsü, partiya fəalı Zaur Rzalıya qarşı Cinayət Məcəlləsinin 228.5 maddəsi ilə cinayət işi açılıb.
Bu barədə onun özünə mayın 29-da dəvət olunduğu Nərimanov Rayon Polis İdarəsində məlumat veriblər.
Cinayət işinin başlanmasına formal səbəb Z.Rzalının avtomobilindən məişətdə istifadə etdiyi meyvə bıçağının tapılmasıdır.
Z.Rzalını aprelin 1-də mülki geyimli əməliyyatçılar avtoyuma məntəqəsində saxlayaraq, avtomobili ilə birlikdə Nərimanov RPİ-nin 17-ci bölməsinə aparmışdılar. Daha sonra məhkəmə ona qurama ittihamla 30 sutka inzibati həbs cəzası vermişdi.
Z.Rzalı əməkdaşımıza bildirib ki, həmin vaxt onu saxlayanda maşınında axtarış aparıb, meyvə bıçağını görürüblər: "17-ci polis bölməsində maşınımda axtarış aparılanda "bardaçokdakı" bıçağı götürdülər, nə üçün olduğunu soruşdular. Sədərək ticarət mərkəzindən 10 il bundan qabaq aldığımı, sırf məişətdə istifadə üçün olduğunu dedim. Bildirdim ki, meyvəçiyəm, tez-tez rayonlarda oluram və bıçaq mənə vacib lazımlı əşyadır. Yazılı izahatımda da bunları qeyd etdim".
Göründüyü kimi, cinayət işinə formal səbəb olaraq göstərilən bıçaq Z.Rzalıdan tapılanda ona bununla bağlı ittiham irəli sürülməyib və Z.Rzalı sadəcə inzibati qaydada həbs edilib. Hadisənin üstündən 2 aya yaxın vaxt keçəndən sonra bıçaq yenidən yada düşüb və Rzalıya cinayət işi açılıb. Bu da cinayət işinin siyasi sifarişlə açıldığını deməyə əsas verir.