Ağa-Əli Yəhyayev: “Mənə işgəncə verənlər içində Arif Əliyev də var idi”

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatı İdarə Heyətiətinin üzvü Ağa-Əli Yəhyayevin növbəti məhkəmə iclası avqustun 9-da baş tutub. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə şahidlər dindirilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri ifadə veriblər. İdarənin baş əməliyyat müvəkkilləri Əliyev Arif Faiq oğlu və Paşayev Elməddin Hilal oğlu şahid qismində dindiriliblər.

Hakimin istintaq sənədlərində qeyd edilən izahatların təsdiqindən sonra müdafiə tərəf olaraq vəkil Zibeydə Sadiqova Ağa-Əli Yəhyayevin saxlanıldığı zaman şahidlərin iddia etdiyi sübutlarla bağlı onlara bir neçə sual ünvanlasa da, şahidlər bütün suallara “bilmirəm” deyə cavab verərək sualdan yayınıblar.

Ağa-Əli isə hakimdən ümumiyyətlə heçnə bilməyən bu şəxslərin şahidliyini rədd edərək onların şahidlər siyahısından çıxarılmasını tələb edib.

Ardınca o, saxlanılan zaman işgəncəyə məruz qaldığını bildirərək məhz ona hal-hazırda məhkəmədə şahidlik edən Arif Əliyev tərəfindən işgəncə verildiyini bildirib.
“Bütün sualları “bilmədiyini” söyləyən Arif Əliyev bəlkə mənə işgəncə verdiyini də unudub, lakin mən onu çox yaxşı xatırlayıram. Mənə otaqda işgəncə verən 12 nəfərdən ibarət narkotiklərlə bağlı idarə işçiləri içində Arif Əliyevin şəxsən özü başıma vuraraq məni döyərək təhqir edirdi.”

Məhkəmənin növbəti iclası 20 sentyabr saat 9:35-ə qədər təxirə salınıb.