Müstəntiq Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb

Operativtv.com Turana istinadən xəbər verir ki, ictimai fəal Bəxtiyar Hacıyev də aclığı 12 gündür davam etdirir. Yanvarın 20-də vəkil Cavad Cavadov 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşüb.

“Biz, vəkillər aclığı dayandırmasını xahiş etsək də, Bəxtiyar Hacıyev ona qarşı haqsızlığa son qoyulanadək aclığı davam etdirəcəyində israrlı oldğunu bildirdi. Aclıq onun sağlamlığında bərpa olunmaz xətalar yarada bilər. Çünki Bəxtiyar gün-gündən zəifləyir. Son gündə bir kiloqramadək çəki itirib, qan təzyiqi 85/55-dir, nəbzi 66-dır, bədən temperaturu 36,1 selsidir.”

Vəkil Bəxtiyar Hacıyevə istinadən bildirib ki, o müəyyən mərhələdə quru aclığa da keçə bilər.

Öz növbəsində, Penitensiar Ximdətin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, yanvarın 21-də Xətai Rayon Məhkəməsi müstəntiqin həbs müddətinin 28 fevraladək uzadılması ilə bağlı vəsatətinə baxacaq.

“12-ci gündür ki, aclıq aksiyası keçirən, səhhəti ağır qiymətləndirilən, mədəsində qanaxma olan Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci ildə saxta ittihamlar üzrə saxlanılıb, barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Belə olan durumda Bəxtiyarın həyat və sağlamlığının qayğısına qalmaq əvəzinə, lazımi tibbi tədbirlər görmək yerinə, ittihamı daha da sərtləşdirirlər, həbs müddətini uzadırlar, hərçənd ki, nəinki alternativ qətimkan tədbirlərinin seçilməsi üçün, ümumiyyətlə, cinayət işinə bəraətverici əsaslarla xitam vermək məqsədilə kifayət qədər əsaslar var”, hüquq müdafiəçisi qeyd edib.

* Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.