İsrail səfiri Ukraynanın Təl-Əvivə qarşı mövqeyini tənqid edib

İsrailin Ukraynadakı səfiri Kiyevin BMT-də İsrail əleyhinə qətnamələri dəstəkləməsini pisləyib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İsrailin Ukraynadakı səfiri Maykl Brodski bunu tvitter səhifəsində yazıb.

M.Brodski Kiyevin BMT-də iki dəfə İsrail əleyhinə qətnamələri dəstəkləməsindən hiddətini ifadə edib.

Səfir tvitter səhifəsində belə yazıb: "Ukraynanın BMT-nin “İsrailin addımları” ilə bağlı yəhudilərin Məbəd dağı ilə əlaqəsini inkar edən və Beynəlxalq Ədalət Məhkəməsindən məsləhətçi rəy tələb edən qətnaməsini dəstəkləməsi çox məyusedicidir. Birləşmiş Millətlər Təşkilatında İsrailə qarşı təşəbbüslərə dəstək İsrail və Ukrayna arasında etimadın yaradılmasına kömək etmir."

Qeyd edək ki, bundan əvvəl BMT Baş Assambleyasının Dördüncü Komitəsi (Xüsusi Siyasət və Dekolonizasiya Komitəsi) “İsrailin Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərində Fələstin xalqının insan hüquqlarına təsir edən addımları” adlı qətnamə layihəsini təsdiqləyib.

Birləşmiş Millətlər Təşkilatının Mətbuat Xidmətinin dərc etdiyi bəyanatda 98 ölkənin qətnaməni dəstəklədiyi, 17 ölkənin əleyhinə olduğu, 52 ölkənin bitərəf qaldığı qeyd edilib.