İyulun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində iki ayrı bankın rəhbərlərinə hökm oxunub. Onların hər ikisi hökmdən sonra azadlığa buraxılıb. Söhbət iki il öncə lisenziyaları ləğv olunmuş "Dekabank” və "Atrabank”ın rəhbərlərindən gedir. Keçmiş bankirlər şərti cəza ilə azadlığa çıxıblar.
"Dekabank” İdarə Heyətinin sədri Niyazi Vəliyev bankın maliyyə departamentinin direktoru olmuş Bəhram Hüseynovla birlikdə məhkəmə önünə çıxarılmışdı. Niyazi Vəliyev həbsdə olsa da, Bəhram Hüseynov istintaq və məhkəmə dövründə azadlıqda idi.
Onlar mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanıb. "Dekabank”çıların işində 5 milyon manatlıq mənimsəmə və dələduzluqdan söhbət gedib.
"Atrabank” İdarə Heyətinin sədri Elmixan Nəbiyev müttəhimlər kürsüsündə tək olub. O, 8 milyon manatlıq mənimsəmə və israfda suçlanıb. İddia olunurdu ki, Nəbiyev faktiki mövcud olmayan müəssisələrə 8 milyon 145 min manatlıq kreditləri rəsmiləşdirib.
Kreditlər də qaytarılmayıb. Nəbiyevsə özünü təqsirli bilməyib: "Bankın 99.3 faiz səhmdarı mənəm. Mən burada necə pul mənimsəyə bilərəm, axı? Kimin pulunu yemişəmsə, gəlsin, desin”.
Hakim Fikrət Qəribovun sədrliyilə çıxarılan hökmdə ona mənimsəmə ittihamı üzrə bəraət verilib. Elmixan Nəbiyev yalnız CM-in 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsiylə suçlu sayılıb və buna görə də şərti cəza alıb.
toplum.tv
Həbsdəki bank rəhbərləri azadlığa buraxıldı
Oxşar xəbərlər