Berlində Azərbaycan məktəblərində hicab qadağasına qarşı etiraz aksiyası keçirilib

29 sentyabr 2026-cı il tarixində Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı inanclılar və siyasi mühacirlərin iştirakı ilə Azərbaycanda məktəblərdə hicabın qadağan edilməsinə etiraz olaraq aksiyalar keçirilib.
Etiraz aksiyaları gün ərzində Berlin şəhərinin iki fərqli məkanında davam edib.
İlk aksiya saat 11:00-da Azərbaycanın Almaniyadakı səfirliyinin qarşısında baş tutub. Aksiyanın təşkilatçıları Ruhulla Novruzzadə və Qalib Quluzadə olub.
Aksiya iştirakçıları məktəbli qızların hicabdan istifadəsinə qoyulan məhdudiyyətlərə etirazlarını ifadə edib, müxtəlif şüarlar və plakatlarla çıxış ediblər.
Aksiya zamanı iştirakçılar tərəfindən hazırlanmış bəyanat ictimaiyyət qarşısında səsləndirilib. Bəyanatda məktəblərdə hicabla bağlı tətbiq edilən məhdudiyyətlərə etiraz ifadə olunub, dini etiqad azadlığı, təhsil hüququ və dini inanclara uyğun geyim seçimi ilə bağlı narahatlıqlar diqqətə çatdırılıb.
Aksiyanın sonunda bəyanatın yazılı nüsxəsi Azərbaycanın Almaniyadakı səfirliyinə təqdim edilib.
Günün ikinci yarısında, saat 13:00-da etiraz aksiyası Berlində yerləşən İnsan Hüquqları İnstitutunun qarşısında davam etdirilib.
İkinci aksiyanın təşkilatçıları MBH Avropa Nümayəndəliyinin üzvləri Yasər Rzayev və Allahyar Ağalarov olub.
Burada da aksiya iştirakçıları müxtəlif şüarlar və plakatlarla çıxış edərək Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq edilən məhdudiyyətlərə diqqət çəkiblər.
Etirazçılar çıxışlarında dini etiqad azadlığına, təhsil hüququna və insanların dini inanclarına uyğun geyim seçiminə hörmət edilməsinin vacibliyini vurğulayıblar.
Aksiya zamanı “Hicaba azadlıq!” şüarı səsləndirilib, iştirakçılar beynəlxalq insan hüquqları təşkilatlarını və aidiyyəti qurumları məsələni diqqətdə saxlamağa çağırıblar.
Hər iki aksiya dinc şəkildə başa çatıb.

29 sentyabr 2026 — Berlin, Almaniya

MBH Avropa Nümayəndəliyi