Milli Şuranın polis tərəfindən saxlanılan fəalı sərbəst buraxılıb

Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi zamanı məhkəmə binasının qarşısında "Siyasi məhbuslara azadlıq!" şüarı qaldıran Milli Şuranın fəalı Cəmil Hacıyev polislər tərəfindən saxlanılıb. O 4 saat saxlanıldıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Cəmil Hacıyev Amerikanın Səsinə deyib ki, saxlanıldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə aparılıb.

“Polis idarəsində əllərimi qandalladılar və mənə qarşı fiziki və mənəvi təzyiq göstərdilər. Polis idarəsinin binasının birinci mərtəbəsində məni döyməyə başladılar, hər yerimə vururdular. Sonra ikinci mərtəbəyə qaldırdılar. İkinci mərtəbədə də məni döydülər. Daha sonra polis idarəsinin rəisinin otağına apardılar. Orada mənə hədə-qorxu gəldilər və nəhayət şifahi xəbərdarlıq edərək sərbəst buraxdılar”, o qeyd edib.

Cəmil Hacıyev deyib ki, yanvarın 10-da həkim müayinəsindən keçib və həkim əzələlərində əziklər olduğunu qeyd edib.

“Mən həkim arayışını bu gün götürəcəm. Daha sonra azadlıq hüququmun pozulması və işgəncə faktının araşdırılması üçün Daxili İşlər Nazirliyinə, prokurorluğa və ombudsmana şikayət edəcəm”, o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Cəmil Hacıyevin dedikləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bununla yanaşı, nazirliyin Mətbuat xidməti bir qayda olaraq polis orqanlarında insanların işgəncəyə məruz qalması ilə bağlı dediklərini təkzib edir və bu bəyanatların özünümüdafiə məqsədi daşıdığını bildirir.