Avstriyada hicab qadağası gündəmdə!

Avstriyada hökumət koalisiyası danışıqları zamanı yetkinlik yaşına çatmayan qızlar üçün hicabın qadağan edilməsi planının olduğu açıqlanıb.

ORF ictimai yayımının paylaşdığı məlumata görə, sağ mərkəzçi Xalq Partiyası (ÖVP), Sosial Demokrat Partiyası (SPÖ) və liberal Yeni Avstriya Partiyası (NEOS) arasında aparılan koalisiya danışıqlarında hazırlanan hökumət proqramında hicab qadağasını təsdiq edən maddə yer alıb.

Uzun müddət davam edən danışıqlarda razılığın əldə olunduğu məsələlərdən biri kimi bu tənzimləmə yaşıl rənglə qeyd olunub. Avstriyada bu məsələ ilə bağlı əvvəlki cəhdlərə 2019-cu ildə ibtidai sinif şagirdləri üçün hicab qadağası daxil idi, lakin 2020-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildi. Bildirilib ki, qadağa bərabərlik və inanc azadlığına zidd olduğu üçün hüquqi cəhətdən etibarsız hesab edilib. İndi isə hökumətin yeni proqramı bu qadağanı yenidən gündəmə gətirib.

Xüsusilə müsəlman icmalarından gələn reaksiyalara baxmayaraq, SPÖ və NEOS partiyalarının da hicab qadağasına dəstək verməsi diqqət çəkib. Proqramda “Yetkinlik yaşına çatmayan qızların hicab qadağası ilə bağlı iş aparılacaq” ifadəsi yer alıb.