Azərbaycanda həbs edilən FETO-çu məhkəmədə azad edildi

Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Miqrasiya Xidmətindən gələn sorğu açıqlanıb. Bildirilib ki, Mustafa Ceyhana rədd cavabı bildirilib. Mustafa Ceyhan məhkəməyə müraciət etsə də, onun şikayəti təmin edilməyib.

BMT-dən gələn sorğu da bildirilib ki, Musatafa Ceyhanın müvəqqəti oturum icazəsi var.

Prokuror çıxış edərək Mustafa Ceyhanın oturum icazəsi olduğu üçün ekstradisiya edilməsinin mümkün olmadığını bildirib. Ona görə də təqdimatdan imtina etdiklərini deyib.

Həm təqsirləndirilən şəxsin vəkili, həm də BMT-in Qaçqınlarla iş Bürosunun Azərbaycan nümayəndəliyinin vəkili vəsatətin təmin olunması istəyib.

Onlar həmçinin müvəkkilləri dərhal məhkəmə zalından azadlığa buraxılmasını istəyiblər.

Hakimlər kollegiyasının qərarına əsasən, Mustafa Ceyhanın ekstradisiya edilməsindən imtina edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.