BMT-dən sığınacaq alan şəxsin taleyi məlum deyil

İyirmi ildən artıqdır Azərbaycanda yaşayıb-işləyən Türkiyə vətəndaşı İsa Özdemir Bakı Ağır cinayətlər Məhkəməsinin qarşısında mülki geyimlilər tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.

 
Hadisə həmin məhkəmədə İ.Özdemir haqqında qərar çıxarılandan dərhal sonra baş verib.

Türkiyə hökuməti İsa Özdemiri "FETÖ” üzvü kimi təqdim edərək, onu beynəlxalq axtarışa vermişdi.

Özdemir Azərbaycanda həbs olunandan sonra onun Türkiyəyə təhvil verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət olunmuş, nazirlik də öz növbəsində məhkəməyə təqdimat vermişdi.

İyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində nazirliyin İsa Özdemirlə bağlı təqdimatının təmin olunmaması, onun məhkəmə zalından azad edilməsi barədə qərar çıxarılıb. BMT-dən siyasi sığınacaq almış Özdemir məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmədən çıxan kimi də naməlum şəxslər tərəfindən saxlanılaraq aparılıb. İsa Özdemirdən öncə də bir neçə Türkiyə vətəndaşı Azərbaycanda eyni halla üzləşib. Mətbuat ən azı, üç belə faktı ictimailəşdirib.

2018-ci ilin fevralında Nərimanov və Binəqədi rayon məhkəmələrində iki nəfər Türkiyə vətəndaşı – Ayhan Seferoğlu və Erdoğan Taylan məhkəmənin qərarı ilə azadlığa buraxılan kimi, binanın qarşısından zorla avtomobilə mindirilib aparılmış, sonradan onların Türkiyədə həbsdə saxlandığı məlum olmuşdu.

Türkiyə hökuməti adları çəkilən şəxsləri də Fətullah Gülənin tərəfdarı, "FETÖ” üzvü kimi təqdim edərək, Azərbaycan hökumətindən onların təhvil verilməsini istəyirdi. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsindən azad edilən Mustafa Ceyhanın da aqibəti eyni cür oldu.

Bütün bunları nəzərə alaraq, İsa Özdemirin də adları çəkilən üç nəfər kimi gizli yolla Türkiyəyə aparılmaq üçün qaçırıldığı güman edilir.

meydan.tv