Yəhudi fəallar Qəzzada atəşkəs tələbi ilə Nyu-Yorkda Azadlıq heykəli önündə aksiya keçiriblər

Bazar ertəsi yüzlərlə amerikalı yəhudi fəal Nyu-Yorkda Azadlıq heykəlini dinc yolla bağlayaraq akisya keçirib. Aksiyanın tələbi İsraildən atəşkəs və Qəzzada dinc əhaliyə qarşı "soyqırım bombardmanı"na son qoyulması olub.

Üzərində “Yəhudilər dərhal atəşkəs tələb edir” şüarları yazılmış qara köynək geyinmiş etirazçılar “Bütün dünya bunu izləyir” və “Fələstinlilər azad olmalıdır” yazılan plakatlar açıblar.

Nəhəng mis heykəl Nyu-York limanının girişindəki Azadlıq adasında yerləşir.

“Yəhudi əcdadımız Emma Lazarusun məhz bu abidəyə həkk olunmuş məşhur sözləri bizi azad nəfəs almaq istəyən qəzzalı fələstinliləri dəstəkləmək üçün hərəkətə keçməyə məcbur edir” deyə aksiyanın təşkilatçısı olan Sülh üçün Yəhudi Səsi (JVP) təşkilatından Cey Saper yaydığı bəyanatda bildirib. O bu sözlərlə Avropadan Nyu-Yorka qaçan yəhudi qaçqınlarına kömək edən 19-cu əsr fəalını nəzərdə tutur.

Mühacirlər üçün məşhur sığınacaq yeri olan Nyu-Yorkda son bir aydır İsrail və Fələstin tərəfdarlarının nümayişləri davam edir.

Şəhərdə təxminən 2 milyon yəhudi və yüz minlərlə müsəlman yaşayır və universitet şəhərcikləri kimi bəzi yerlərdə gərginlik hiss olunsa da, indiyə qədər münaqişə ilə bağlı hər hansı potensial zorakılığın qarşısını alıb.

Amerikalı yəhudi gənclərinin liberal bir hissəsi Qəzzada fələstinlilərə qarşı "soyqırım" törətməkdə ittiham etdiyi İsraili sərt tənqid edib.

Onlar həmçinin prezident Co Baydenin HƏMAS-ın 7 oktyabr hücumundan sonra Fələstin ərazisini bir aydır bombardman edən İsrailə hərbi və diplomatik dəstəyini pisləyir.

Nyu-Yorkdakı aksiyadan 2 gün əvvəl - şənbə günü JVP tərəfindən gətirilən on minlərlə nümayişçi Qəzza zolağında dərhal atəşkəsə çağırmaq və ABŞ-ın İsrailə dəstək siyasətini pisləmək üçün paytaxt Vaşinqtona da toplaşmışdı.