Tofiq Yaqublunun vəkili: “Ümid edək ki, məhkəmə ilk dəfə qanuni qərar versin”

Həbsdə olan Müsavat Partiyası və Milli Şura üzvü, 35 gündür aclıq edən Tofiq Yaqublunun səhhətində geriləmələr davam edir. 

Mayın 5-də Yaqublunun vəkili Nemət Kərimli onunla saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb. 

Vəkil deyib ki, Yaqublu yata bilmir və ötən gecə yalnız “Dimedrol” iynəsi vurulduqdan sonra yata bilib. O əlavə edib ki, siyasətçi çəki itirməyə davam edir, lakin yaddaşını da itirdiyindən çəkisini və digər göstəricilərini xatırlamayıb. 

Vəkil bildirib ki, Yaqublu bədənindəki ağrılardan şikayət edib və oturub-durmaqda da çətinlik çəkib. 

“Ümid edək ki, sabah Bakı Apellyasiya Məhkəməsi ömründə ilk dəfə qanuni qərar versin. Həbs qəti-imkan tədbirinin dəyişdirilməsiylə bağlı vəsatət verilib və sistemə yerləşdirilib. Bu məsələ müzakirə mövzularından biridir və hesab edək ki, məhkəmədə qanuni, ədalətli  qərar qəbul ediləcək”, - Kərimli deyib. 

Tofiq Yaqubluya oxunan hökmdən verilən apellyasiya şikayətinə sabah baxılacaq.