Jurnalist Ülviyyə Əli saxlanılıb

Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-ə keçən gecə polis tərəfindən saxlanılıb. 

Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Onların sözlərinə görə, jurnalistin evində axtarış aparılıb, siyirmələr və şkaf rəflərinin qapaqları sındırılıb.

Evdən nə götürüldüyü bilinmir. 

O, əvvəllər “Meydan TV işi”ndə şahid kimi ifadə verib və ölkədən çıxışına qadağa qoyulub. 

Onun məhz bu iş çərçivəsində saxlanıldığı bildirilir. 

Quliyevanın dostları onun həbs olunacağı halda paylaşılmasını istədiyi yazısını yayıblar. 

Yazıda jurnalist bildirir ki, “əgər siz bu yazını oxuyursunuzsa, deməli, mən şərlənərək, hüquqazidd şəkildə jurnalist fəaliyyətimə görə həbs olunmuşam”. O əlavə edib ki, “Meydan TV” ilə heç bir əməkdaşlığı olmayıb. 

“Hamınıza məlumdur ki, Azərbaycan dövlətinin müstəqil mediaya qarşı heç bir dözümü qalmayıb. Bu dözümsüzlük nəticəsində artıq 20-dən çox jurnalist həbsdədir və mən də onlardan biri oldum. 2016-cı ildən bu yana göstərdiyim fəaliyyət nəticəsində hər zaman peşə etikasına sadiq qalmağa çalışmışam və dini, etnik, siyasi kimliyindən, gender və oriyentasiya mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq haqsızlığa məruz qalan hər kəsin problemlərini işıqlandırmaq üçün əlimdən gələni etmişəm. İndi də həbsdəki yoldaşlarım kimi bu fəaliyyətimi davam etdirəcəm”, - o qeyd edib. 

Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. 

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonrada “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.