Təzə il, köhnə təcrid

Təcridxanadan Fatimə Mövlamlının yeni il "reportajı"
 
Təcridxanadakı kameramızda yeni il üçün əməlli hazırlıq gedir: Kamera yoldaşımla otağı başdan-başa bir də təmizlədik, divarları şar və zərlərlə bəzədik. Xeyli biş-düş də eləmişik. Bayram süfrəmizdə yarpaq dolması, aş-qara, paytaxt salatı və maqnolia olacaq. Kəsəsi, əhvalımız çox yaxşıdır. Yeni ili elə bu əhvalda qarşılaya bilmək üçün gecə saat 12-yə bir az qalmış ya televiziyanı sömdürəcək, ya da yerli tv kanallarını izləməyəcəyik.
Ötən ilin bu günlərində şəhəri piyada dolaşır, insanlar arasında sorğu keçirir, onlardan soruşurdum ki, bayram bazarlığı ürəklərincə olubmu? İl başlayan kimi artan kommunal xidmət haqları büdcələrinə necə təsir göstərib? Bu, ənənəvi bayram sorğusu suallarıdır. Hansı ki, ildən-ilə onlara verilən cavablar daha acınacaqlı, məyus və kədərli olur.
Yeni ili təcridxana kamerasında qarşılasam da, xəyalən yenə Bakı küçələrindəyəm: İnsanların arasına qarışır, onları danışdırır, soyuq əllərimi kəssə də kameranı açıb-bağlamaqdan, müsahiblərimi dinləməkdən usanmıram.
Yeni ildə ən xoş arzularım bu insanlara ünvanlanıb. Xalqın özünə inam qazanmasını, haqları olanı tələb etməkdə acizlik çəkməməsini, dil açıb danışmalarını, ürək sözlərini uca səslə deyə bilmələrini, nəhayət, təzə ilin hamıya eyni səviyyədə düşərli olmasını diləyirəm.
Naümid olmayın. Ümidsizlik - sondur. Ümidsizlik - həmişə razı olmaqdır.
Hər şey yaxşı olacaq, əzizlərim. Bayramınız mübarək!
 
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası.