Şeyx Sərdarın ailəsi onun həbsi səbəbindən narahatdır

Ruhani Şeyx Sərdar Hacıhəsənli 19 oktyabr 2021-ci ildə qondarma “İran işi” ittihamı ilə həbs olunub. O, həbs olunduğu gündən indiyədək - 4 il, 6 ay, 22 gündür - yalnız qapalı həbsxanalarda, “həbs içində həbsdə” saxlanılır.

Ailəsi xəbər verir ki, onun sonuncu 6 aylıq qapalı həbs rejimi bitdikdən sonra, 18 aprel tarixində 12 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və dərhal karantinə salınıb. Rəsmi 15 günlük karantin müddəti bitsə də, 23 gün keçməsinə baxmayaraq hələ də ümumi korpusuna buraxılmayıb.

Şeyx Sərdarın 82 yaşlı anası oğlunun həbsi səbəbindən ciddi narahatlıq keçirir. O bildirib: “Ürəyimə damıb ki, Sərdar şəhid rəhbər Seyid Əli Xamenei ağanın şəhidliyinə başsağlığı verdiyinə görə onu təzədən qapalı həbsxanada saxlayacaqlar”.

Ailəsi vəkillərin gedib xəbər gətirməsini gözləyir, lakin 10 gündür ki, Şeyx Sərdar evə zəng etməyib.

Qeyd edək ki, bu Şeyx Sərdarın ikinci siyasi həbsidir. O, ilk dəfə 2017-ci ilin fevralında cümə namazı qıldığı üçün şərlənərək 3 il azadlıqdan məhrum edilmişdi. 2020-ci ilin fevralında azadlığa çıxmışdı.

İkinci həbs isə 2021-ci ilin oktyabrında İran-Azərbaycan arasında gərginlik fonunda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilib. Bu həbs onun ailəsi və tərəfdarları arasında ciddi narahatlıq doğurur.