İsraillə əlaqələrini kəsdiyini deyən Ərdoğan İsrail prezidentinin Türkiyə hava xəttindən istifadə edərək Azərbaycana COP29-a gəlməsinə də imkan vermədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə ticarət əlaqələrini kəsdiklərini deyib.
Ərdoğan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Zirvəsindəki görüşlərini başa vurduqdan sonra mətbuat konfransı keçirib.
Jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti ölkəsinin iqtisadi, siyasi əlaqələrindən, dünyada gedən proseslərə təsirindən, etdikləri humanitar yardımlardan geniş danışıb.
Türkiyənin İsrailə təzyiqlərini davam etdirib-etməyəcəyi ilə bağlı suala Ərdoğan belə cavab verib:
“Ölkəmizdəki bəzi siyasi partiyalar qəribə sözlər desələr də, biz İsraillə münasibətləri tamamilə kəsdik və son olaraq İsrail Prezidentinin Azərbaycanda keçirilən COP29 sammitinə getmək üçün bizim hava xəttimizdən istifadə etməsinə icazə vermədik. Bakıya başqa yollarla çatmaq olar. Onlardan istifadə etməsini dedik. Gedə bildi, ya yox, onu bilmirəm”.