Oğlumu ölümün pəncəsindən qoparın

Siyasi məhdus Seyfəddin Şirvanovun anası Gülsabah xanım Şirvanova həbsxanada infakt keçirən və hələ də səhhətində ciddi problemlər olan oğlunun vəziyyəti ilə bağlı müraciət edib. O, əlaqədar təşkilatlardan S. Şirvanovun durumuna diqqət göstərilməsini istəyərək oğlunun baxımsızlıq səbəbindən ölümlə çarpışmasını söyləyib:
“Mən Şirvanova Gülsabah Şirvanov Seyfəddinin anası müraciətim insanlığı, vicdanı olan hərkəsədir. Oglumun sağlamlığı böyük təhlükə altındadır.
15 saylı cəzaçəkmə müəssisəsində noyabrın 11-də infakt keçirən Seyfəddin bununla bağlı həbsxananın həkimlərinə müraciət etsə də, ona lazımı kömək göstərilməyib. Kardioqrammanın cavabları oğlumdan gizlədilərək o, iki gün ağrı acıların içində dəmir barmaqlıqlar arasında kamera şəraitində saxlanılıb.
Vəziyyətinin ağırlaşması təhlükəsi olmayınca onu kameraya məhkum edənlər düşünmürlər ki, onların da anaları var sizlərdə valideynsiniz, şübhə etməyin ki, etdiyiniz zülmlər bir gün sizi də hesab önünə çıxaracaq.
Mənim imanlı, ədəbli böyütdüyüm oğlumu siz şərləyərək saxta ittihamla həbs etdiniz. Saxlanılan andan işgəncələr yaşatdığınız oğlumu sonunda infakt həddinə qədər gətirdiniz.
Ayın 17-si görüşündə olduğum oğlumun 9 ildə günahsız yerə həbsdə olub qocalmağı bir dərd olduğu halda, son bir həftədə onun beli bükülərək rənginin solduğunu görmək bir ana üçün ölümdən betərdir. Bir həftəni geridə qoyduğu infakt və stent qoyulması onun səhhətində müsbət heç bir irəliləyişə səbəb olmayıb.
Əgər xəstəliyi gizlədilərək o, ölümə məhkum edilibsə, şübhə yoxdur ki, bundan sonrakı mərhələdə onun zədəli ürəyi həbsxanada lazımınca bərpa oluna bilməyəcək. Mən dövlət orqanları, əlaqədar təşkilatlara müraciət edərək oğlumu ölümün pəncəsindən qopararaq azadlığına yardım edəsiniz istəyirəm. Həbsxana onun sağlamlığını əlindən alıbsada, balamın məndən alınmasına razı olmayın.”