Hacı Zülfüqar Mikayılzadə Azərbaycana təhvil verilmədi

Quran hafizi, ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə bu gün Moskvada məhkəmə önünə çıxarılıb. Azərbaycan hakimiyyətinin şikayəti əsasında saxlanılan ilahiyyatçının hüquqlarını Rusiyanın tanınmış vəkilləri həyata keçirib. Məlumata görə Azərbaycan hakimiyyəti ilahiyyatçını dini ayrı-seçkilik yayma, ixtişaş və qarşıdurmaya təhrik etmə kimi ittihamlarla Rusiya hüquq mühafizə oqranlarından onun həbs edilərək Azərbaycana ekstradisiya olunmasını istəyib.

Məhkəmə ilahiyyatçının barəsində iddia olunan "cinayət əməlini" araşdırmaq üçün ittihamçı tərəfə (Azərbaycan tərəfə) konkret dəlillər təqdim etməsi üçün 40 gün vaxt verib. Əgər tərəf dəlillər təqdim etməzsə Z. Mikayılzadə sərbəst buraxılacaq.

Məhkəmə Hacı Zülfüqar Mikayılzadə barədə araşdırmaları Rusiya ərazisində gerçəkləşdirmək barəsində qərar verdiyi üçün ilahiyyatçının Azərbaycana göndərilməsi rədd edilib.

Xatırladaq ki, Quran hafizi Hacı Zülfüqar Mikayılzadə noyabrın 15-də Rusiya Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı. Əyyami Fatimiyyə məclislərində iştirak üçün ilahiyyatçı Moskvadan İjevsk şəhərinə uçarkən bu şəhərin hava limanında həbs edilmişdi.