Avropa Şurasının İnsan Hüquqları Komissarı Prezident Əliyevə məktubunda həbslərlə bağlı narahatlıq ifadə edib

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib.

Komissar 4 noyabr tarixli məktubunda bu ilin mart ayında Akif Qurbanov və Ələsgər Məmmədlinin, aprel ayında İmran Əliyevin və Anar Məmmədlinin, habelə ötən ilin noyabrından Abzas Media, Toplum TV və Kanal 13 jurnalistlərinin “qaçaqmalçılıq” ittihamı ilə qaldırılmış cinayət işi çərçivəsində həbsinə diqqət çəkib.

“Sözügedən hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların qanuni fəaliyyətlərini həyata keçirdikləri üçün cinayət işi başlanması ilə bağlı xəbərlər məni narahat edir”, Komissar O’Flaherti deyib.

Komissar xatırladıb ki, təxminən on il əvvəl hazırkı cinayət işlərinə oxşar işlərdə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 18-ci maddəsinin pozulmasını müəyyən edib.

Konvensiyanın 18-ci maddəsi hökumətlərin qanunlardan, Konvensiyada nəzərdə tutulmuş məhdudiyyətlərdən sui-istifadə etməsinin qarşısını almağa xidmət edir.

75 yaşlı Avropa Şurasına üzv olduğu 20 il ərzində Azərbaycan Konvensiyanın 18-ci maddəsinin pozulması üzrə digər 45 üzv ölkəni qabaqlamağı bacarıb.

AİHM-in sözügedən qərarlarında 2013-2014-cü illərdə vətəndaş cəmiyyətinə, fəallara və jurnalistlərə, o cümlədən o zaman da həbs edilmiş Anar Məmmədliyə qarşı cinayət təqiblərinin qanunsuz olduğu vurğulanıb.

Məhkəmə müəyyən edib ki, Azərbaycanda “qisas məqsədli məhkəmə təqibləri və qanunun aliliyinə zidd olaraq cinayət qanunlarından sui-istifadə yolu ilə hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin əsassız həbslərinin narahatedici nümunəsi” mövcuddur.

İnsan Hüquqları Komissarı bunları nəzərə alaraq Azərbaycan hakimiyyətini əsassız yerə həbs edilənləri azad etməyə çağırıb.

“Azərbaycanın müvafiq orqanlarından qanuni fəaliyyətinə, müxalif və ya tənqidi fikirlərini ifadə etdiklərinə görə həbsdə olan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azadlığa buraxmaq, onlara qarşı cinayət ittihamları və səyahət qadağaları da daxil olmaq əlaqədar məhdudiyyətləri aradan qaldırmağı xahiş edirəm”, Maykl O’Flaherti vurğulayıb.

Məktubda həmçinin həbs edilənlərin polis nəzarətində olarkən pis rəftar və işgəncəyə məruz qalması, onların istədikləri vəkilə və zəruri tibbi yardıma çıxışına tətbiq edilən məhdudiyyətlər barədə narahatlıq ifadə edilir. Bu mənada Avropa Şurasının və BMT-nin İşgəncə Əleyhinə Komitələrinin Azərbaycanla bağlı tapıntılarına diqqət çəkilir.

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi iyul ayında yaydığı hesabatında Azərbaycanda xüsusən də polis orqanlarında pis rəftar və işgəncə hallarının davam etdiyini və bunun qarşının alıması üçün verilmiş əsaslı tövsiyələrin uzun illərdir yerinə yetirilmədiyini qeyd edib.

Azərbaycan hakimiyyətini pis rəftar iddiaları ilə bağlı səmərəli araşdırma aparmağa çağıran Komissar O’Flaherti səhhətində problem olan şəxslərin, o cümlədən Ələsgər Məmmədli, Anar Məmmədli və Qubad İbadoğlunun adekvat tibbi yardımla təmin edilməsini xahiş edib.

Ümumilikdə isə Komissar davam edir, Avropa Şurasının üzvü olan Azərbaycan dialoq və əməkdaşlıq yolu ilə hüquq müdafiəçiləri, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün təhlükəsiz və əlverişli mühitin yaradılması istiqamətində çalışmalıdır.

“Hazırda müxtəlif məhdudlaşdırıcı hüquqi müddəaların qeyri-hökumət təşkilatlarının (QHT) və müstəqil medianın işinə və onların azadlıqlarından istifadə etməsinə mane olduğu görünür”, o, əlavə edib.

Bu xüsusda, Azərbaycan hakimiyyətinin hələ 2013-2014-cü illərdə “QHT-lər haqqında” qanuna etdiyi hazırda çox eşidilən “Xarici agent” qanunu üslubundakı dəyişikliklər, 2022-ci ildə qəbul edilən “Media haqqında” yeni qanunun məhdudlaşdırıcı xarakteri və Venesiya Komissiyasının bu sahədə verdiyi tövsiyələrin yerinə yetirilməməsi nəzərə çatdırılır.

“Mən Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin qərarlarının tam icrası da daxil olmaqla, birləşmək, sərbəst toplaşmaq və ifadə azadlıqları, ölkədə hüquq müdafiəçiləri, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarının vəziyyəti ilə bağlı bütün qanun və təcrübələrin Avropa Şurasının müvafiq insan hüquqları standartlarına uyğunluğunu təmin etmək üçün lazımi addımlar atmağa çağırıram”, Maykl O’Flaherti deyib.

Bugünədək həbslərin siyasi motivli olmasına dair ittihamları birmənalı olaraq rədd edən Azərbaycan hökuməti jurnalistlərin və fəalların “Cinayət Məcəlləsinin ayrı-ayrı maddələrinin pozulması ilə bağlı mötəbər şübhələr əsasında” saxlanılmasında israr edir.

Rəsmi Bakının Komissara ünvanladığı imzasız cavab məktubunda vurğulanır ki, Azərbaycan beynəlxalq insan haqları da daxil olmaqla, beynəlxalq öhdəliklərini yerinə yetirmək öhdəliyini bir daha təsdiqləyir və heç bir etibarlı sübut olmadan bunun əksini iddia edən bütün iddiaları qəti şəkildə rədd edir.

“Buna görə də lazımi diqqəti nümayiş etdirmək və məhkəmə prosesinə müdaxilə kimi şərh edilə biləcək hər hansı hərəkətdən, xüsusən də cinayət təhqiqatında olan şəxslərin dərhal azadlığa buraxılmasını tələb etməkdən çəkinmək son dərəcə vacibdir”, Azərbaycan tərəfi qeyd edib.

Müstəqil vətəndaş cəmiyyətinə və mediaya qarşı son bir ildə artan təqiblərin dayandırılması, əsassız yerə həbs edilənlərin azad edilməsi ilə bağlı çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər bu çağırışları “qərəzli” hesab edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev aprel ayında Berlində Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında qeyd edib ki, Azərbaycanda media azadlığı təmin edilir və jurnalistlərin həbsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.

“Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb”, Prezident Əliyev deyib.

İnsan haqları qrupları isə bildirirlər ki, Azərbaycan hakimiyyəti son 10 ildə qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklər və əlavələrlə vətəndaş cəmiyyəti və medianın müstəqil fəaliyyətini “qanundan kənarlaşdırıb”.

Human Rights Watch və Freedom Now insan hüquqları təşkilatları ötən ay yayımladıqları 74 səhifəlik birgə hesabatda Azərbaycanda insan hüquqları göstəricilərinin uzun illərdir pis olduğunu, hökumətin müntəzəm olaraq hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf aldığını, COP29 ərəfəsində repressiyaların daha da kəskinləşdiyi qeyd edirlər.

Yerli insan hüquqları təşkilatlarının hazırladığı siyahıya əsasən, hazırda Azərbaycanda 300-dən çox siyasi məhbus var.

 

AmerikanınSəsi