Səfirliyin keçmiş attaşesi: Pulları qumarda uduzmuşam

Xarici İşlər Nazirliyinə (XİN) qarşı mənimsəmədə təqsirləndirilən Nəcib Osmanovun cinayəti işi üzrə məhkəməsi davam edir.  
Toplum TV-nin xəbərinə görə, bu məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilir.  
Nəcib Osmanov Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləyib. O, 2021-2022-vi illərdə işlədiyi müddətdə dövlət büdcəsindən səfirliyə ayrılmış vəsaitin 347 min manatını mənimsəməkdə təqsirləndirilir.  Məhkəmə iclasında məlum olub ki, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına xərcləyib. Ödəniş tapşırıqlarını səfir Rəmzi Teymurova möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Keçmiş attaşe məhkəməyə əməlindən peşmançılığını dilə gətirib: “Mərc oyunlarının aludəçisi olmuşam, əməlimdən peşmanam”.  
Məsələnin üstü açılandan sonra Nəcib Osmanova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülsə də, ona həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilib. Məhkəmədə o da məlum olub ki, hələ istintaq dövründə o, Xarici İşlər Nazirliyinə dəymiş ziyanın 77 min dolları ödəyib. 
 
Məhkəmə prosesi davam edir.