Ayətullah Cavadi Amuli Ayətullah Sistanini ziyarət edib

Bu gün (12 may) Nəcəf-Əşrəf şəhərində tanınmış iranlı alim və mərcə təqlid Ayətullah Cavadı Amuli Şiə aləminin böyük mərcə təqlidlərindən biri, Ayətullah Üzma Seyyid Əli Sistanini ziyarət edib.

Görüş Ayətullah Sistaninin Nəcəfdəki rəsmi ofisində baş tutub. “Shafaqna İraq”ın yayımladığı fotoda Ayətullah Cavadı Amulinin sözügedən görüşə doğru yola düşdüyü görünür.

Qeyd edək ki, Ayətullah Cavadı Amuli ötən cümə axşamı İraqa səfər edib. Səfər çərçivəsində o, şiə dünyası üçün xüsusi əhəmiyyət daşıyan müqəddəs ziyarətgahları, o cümlədən Nəcəfdə İmam Əli (ə), Kazimeyndə İmam Museyi Kazım (ə) və İmam Məhəmməd Cavad (ə), Samirrada isə İmam Hadi (ə) və İmam Həsən Əskəri ziyarətgahlarını (ə) ziyarət edib.

Səfər çərçivəsində Ayətullah Cavadı Amuli, həmçinin Nəcəfdə fəaliyyət göstərən hövzənin alimləri və tələbələri ilə görüşlər keçirib, dini və elmi məsələlər üzrə fikir mübadiləsi aparıb.

Məlumata görə, sabah – 13 may tarixində İmam Xomeyni adına “Darul-İlm” dini məktəbi tərəfindən Ayətullah Cavadı Amulinin şərəfinə xüsusi tədbir keçiriləcək. Tədbirdə elmi hövzənin müəllimləri və tələbələrinin iştirakı gözlənilir.