“Sabah” doğma meydanda “Sumqayıt”a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti görüşləri keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.

“Sabah” Masazırda yerləşən Bank Respublika Arenada “Sumqayıt”ı qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt təmsilçisinin heyətində 10-cu dəqiqədə Namik Ələskərov, 43-cü dəqiqədə Pavol Safranko, 54-cü dəqiqədə Cesse Sekidika fərqləniblər. Sumqayıtlıların yeganə qoluna isə 77-ci dəqiqədə Fernando Da Silva imza atıb.

Günün digər matçında “Şamaxı” səfərdə “Zirə” ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş saat 20:30-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Kəpəz”ə 4:0, “Turan Tovuz” “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” və “Neftçi” komandaları arasında keçirilən qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə nəticələnib.