Ərzaqda bahalaşma 11 faizdən çoxdur

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiya 10.2 faiz olub. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə bu rəqəm 11.4 faiz göstərilir.

Bu barədə noyabrın 13-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumata görə, oktyabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları sentyabrla müqayisədə 0.8 faiz bahalaşıb.

İqtisadçı: "İnflyasiya tempinin azalması trendi..."

İqtisadçı Rəşad Həsənov bildirir ki, bu rəqəmlərin nə qədər doğru olduğunu iddia etmək çətindir, çünki qiymətləndirmə prosesini müstəqil şəkildə aparmaq mümkün deyil: "Amma istənilən halda hər zaman əvvəlki təcrübədən yola çıxaraq rəsmi rəqəmlərin reallıqla müqayisədə nə qədər az olduğunu, bu istiqamətdə şübhələrin olduğunu deyə bilərəm".

Bununla belə, o deyir ki, ötən illə müqayisədə bu ilin xüsusilə son dörd-beş ayında qiymətlərin dinamikasında stabilləşmə müşahidə olunur: "Hətta bəzi məhsullarda ucuzlaşma da var. Rəsmi məlumatlara inansaq, bu, çörək, yarmalar, kərə və bitki yağlardır. Bu da təbii olaraq inflyasiya sürətinin azalmasına gətirib çıxarıb".

R.Həsənovun sözlərinə görə, inflyasiya tempinin azalması trendi bütün dünyada müşahidə olunur.

Azərbaycanda inflyasiya ötən il 13.9, 2021-ci ildə isə 13.8 faiz təşkil etmişdi.

 

Azadlıq Radiosu