Rəsmi Bakı Avropa İttifaqının səfirinə nota təqdim edib

Oktyabrın 25-də Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, ona nota təqdim edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda oktyabrın 24-də Avropa Parlamentində qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən bəzi fikirlər izah edilib.

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, "Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsi" regionda sülh səylərinə xələl gətir.

Həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqlulu və ümumi fayda prinsipləri əsasında qurduğu bildirilir, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl etməyə çağırılır.

"Avropa İttifaqı tərəfindən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub", məlumatda qeyd edilib.

Bu açıqlamaya hələlik Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən münasibət almaq mümkün olmayıb.

Avropa Parlamenti oktyabrın 24-də Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.

Parlament qətnaməsində BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransı (COP29) ərəfəsində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib.

Avropa Parlamenti hesab edir ki, Azərbaycanda davam edən insan hüquqları pozuntuları ölkənin COP29-a ev sahibliyi etməsi ilə bir araya sığmır və bunu nəzərə alaraq Avropa İttifaqı liderlərini, xüsusən də Avropa Komissiyasının prezidenti Ursula von der Leyeni konfransdan istifadə edərək Azərbaycana beynəlxalq öhdəliklərini xatırlatmaq və Azərbaycan hakimiyyəti ilə təmaslarında insan haqlarının vəziyyətinə toxunmağa çağırır.

Səsvermədə iştirak edən deputatlardan 453-ü qətnamənin lehinə, 31-i əleyhinə səs verib, 89 nəfər bitərəf qalıb.

Azərbaycanlı rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini iddia edir.

Beynəlxalq insan hüquqları təşkilatları Azərbaycanda insan hüquqları göstəricilərinin uzun illərdir pis olduğunu, hökumətin müntəzəm olaraq cəmiyyətdə mühüm ictimai nəzarət rolunu oynayanları, o cümlədən hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf aldığını vurğulayır.

Human Rights Watch (HRW) və Freedom Now təşkilatlarının yaydıqları son hesabatda Azərbaycanda COP29 ərəfəsində repressiyaların daha da kəskinləşdiyi qeyd edilir.

 

Amerikanın Səsi