Vəkilin xeyrinə çıxarılmış qətnamə ləğv edilib

İyunun 25-də Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyilə vəkil İradə Cavadovaya qaşı şikayətə baxılıb.
 
Şikayətçi isə İ.Cavadovanın vəkillikdən uzaqlaşdırılmasına səbəb olan Könül Mürsəlovadır.
 
Xəzər Rayon Məhkəməsi ötən il dekabrın 28-də qərar verib ki, K.Mürsəlovanın Vəkillər Kollegiyasına İ.Cavadova haqqında yazdıqları yalandır. Vəkillər Kollegiyası isə həmin məlumatlar əsasında İ.Cavadovanın vəkillikdən uzaqlaşdırılmasına qərar verib.
 
İ.Cavadova dekabrda çıxarılmış məhkəmə qətnaməsini bu il fevralın 7-də Vəkillər Kollegiyasına təqdim edib. Bundan dərhal sonra həmin qətnamədən apelyasiya şikayəti verilib.
 
İyunun 25-də sözügedən şikayət üzrə qərar çıxarılıb - Xəzər Rayon Məhkəməsinin qətnaməsi ləğv edilib.
 
İ.Cavadova Meydan TV-yə bildirib ki, qərar ədalətsiz və qərəzlidir. Apelyasiya Məhkəməsində işə baxılarkən qaldırdığı vəsatətlərin heç birinin təmin olunmadığını, hakim Məmməd Məmmədovun qərəzli mövqeyini gizlətmədiyini vurğulayan İ.Cavadova bildirir ki, məhkəməyə haqlı olduğunu təsdiqləyən sübutları, hətta səs yazılarını da təqdim edib. Amma məhkəmə onların heç birini nəzərə almayıb: "O səs yazıları, mənimlə bağlanmış müqavilə, başqa sübutlar təsdiqləyir ki, haqqımda Vəkillər Kollegiyasına göndərilən teleqramda yazılanlar yalandır. Təəssüf ki, məhkəmə qərəzli davranıb, sübutlara əhəmiyyət vermədi. Ali Məhkəməyə müraciət edəcəm. Ona görə yox ki, ədalətli qərar çıxarılacağıyla bağlı xüsusi gözləntim var. Sadəcə, bütün hüquqi addımları atmaq baxımından müraciət edəcəm. Bu məhkəmə bir daha sübut etdi ki, "məhkəmə islahatları" kağız üzərində qalır".
 
İ.Cavadova bildirir ki, Xəzər Rayon Məhkəməsində işə baxılarkən dəfələrlə K.Mürsəlova məhkəməyə çağrılsa da, gəlməyib. Vəkillər Kollegiyası həmin məhkəmə qərarından xəbər tutan kimi, K.Mürsəlovanı tapıb, ona vəkil təyin edib, apelyasiya şikayəti verilməsi təşkil olunub.
 
İ.Cavadovanın fikrincə, K.Mürsəlovanın teleqramı onu cəzalandırmaq baxımından Vəkillər Kollegiyasının rəhbərliyi üçün fürsət olub.
 
K.Mürsəlova 21 aprel 2018-ci ildə Kollegiyaya ünvanladığı teleqramda göstərib ki, İ.Cavadova vəkili olmadığı halda, onunla bağlı Daxili İşlər Nazirliyinə məktub göndərib, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qanunsuz saxlandığını bildirib, bu barədə mətbuata da məlumat verib. Nəticədə haqqında yalan məlumat yayılıb, şərəf və ləyaqəti ləkələnib.
 
İ.Cavadova isə məhkəməyə K.Mürsəlova ilə bağlanmış müqavilə, onun anasının mesajlarını, səs yazılarını təqdim edib. Həmin danışıqlardan aydın olur ki, K.Mürsəlova Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır.
 
İ.Cavadova bildirir ki, K.Mürsəlova saxlanmamışdan öncə onun yanına gəlib, ağlayaraq, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının onu hədələdiyini deyib, kömək etməsini istəyib. Daha sonra onu iki gün saxlayıblar. Həmin müddətdə vəkil müvəkkili ilə görüşə bilmədiyinə görə nazirə müraciət edib.
 
K.Mürsəlova isə bildirir ki, iki gün ərzində onu polis idarəsində saxlamayıblar, rəfiqəsigildə olub.
 
İ.Cavadova isə hesab edir ki, o, təzyiq altında belə bir teleqram göndərməyə məcbur edilib.