Vəkilin ölkədən çıxışına məhdudiyyət ləğv olundu

Vəkil Əsabəli Mustafayevin ölkədən çıxışına qoyulmuş məhdudiyyət aradan götürüldü.

Bu barədə Turana məlumat verən Mustafayevin sözlərinə görə, məhdudiyyət 2014-ci ildə Baş Prokurorluq tərəfindən qoyulmuşdu. "Beş il ərzində ölkənin kənarına çıxa bilmədim. Bu ilib Aprelində Baş prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə müraciət etdim. və səhhətimdəki promlemlərlə bağlı tibbi klinikanın arayış əlavə etdim. Lakin cavab verilmədi".

Vəkil əlavə etdi ki, müraciətə cavab olmadığından Ombudsman Aparatına və məhkəməyə müraciət etdi. Bu gün isə İstintaq İdarəsindən vəkilə məktub gəldi. Məktubda bildirilir ki, ölkədən çıxışına qadağa ləğv olunmuşdur.

Vəkilin vurğulamasına görə, buna baxmayaraq ona qarşı digər hüquqi məhdudiyyətlər hələ də qalmaqdadır. O cümlədən, şəxsi bank hesabına və rəhbərlik etdiyi təşkilatın hesabına qoyulmuş həbs güvvədə qalır, hesablardan müsadirə edilən maliyyə vəsaitlər qaytarılmadı, Avropa Məhkəməsinin qərarları ilə vəkilə təyin olunmuş qonorarlar ona büdcədən ödənilmir.