Qriqoryan: İlin sonuna qədər sülh müqaviləsi bağlamaq şansımız var

"Kişineuda sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik, məsələnin tamamilə həll olunduğunu deyə bilmərik, amma biz irəliləyirik". 

Toplum Tv "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin ictimai televiziyasına açıqlamasında deyib.

“Bütün məsələlər əhəmiyyətlidir və bir-birləri ilə qarşılıqlı bağlıdır. Mən əminəm ki, humanitar məsələlərdə irəliləyiş əldə etsək, məsələn, əgər bütün "əsirlər" azad olunsa, itkin düşənlər haqqında məlumat tapıb onların taleyini aydınlaşdırılsa, həmçinin Dağlıq Qarabağda blokada aradan qaldırılsa, yəni "Stepanakert"-Bakı formatında dialoq, yəni, təhlükəsizlik və hüquqlar məsələsi müzakirə olunsa, hesab edirəm ki, biz müəyyən qədər irəliləyiş əldə edə bilərik", - deyə Qriqoryan bildirib. 

Jurnalistin sülh müqaviləsinin imzalanmasına yaxınlaşırıqmı sualına cavab olaraq, Təhlükəsizlik Şurasının katibi bildirib ki, danışıqlar çox intensiv gedir və bu temp davam etdirilsə, ilin sonuna qədər sülh müqaviləsi bağlamaq şansı var. 

Rəsmi Bakı isə Qriqoryanın açıqlamalarından narazı qalıb. 

İyunun 5-də Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Armen Qriqoryan növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif edib. 

Rəsmi Bakı Laçın yolunun blokadası ilə bağlı iddiaların da əsassız olduğunu vurğulayıb:

"Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Bununla yanaşı, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil, əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı.

Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir".