QHT-lərə qarşı cinayət işinə xitam verilib

Baş Prokurorluğun İstintaq İdarəsində 2014-cü ildən bir sıra qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı açıq qalmış cinayət işinə xitam verilib. 
Bu barədə "Azadlıq" radiosuna prokurorluqdan verilən məlumatda bildirilir ki, bu proses may ayından başlayıb.
Mənbənin sözlərinə görə, QHT-lərlə bağlı cinayət işində adı keçən təşkilatların rəhbərləri bu günlərdə İstintaq İdarəsinə çağırılıb. 
Onlar da artıq cinayət işinə xitam verilməsi haqda məlumatlandırılıb.
Ərizələr alınır və işə xitam verilir
 
"Cinayət Prosessual Məcəllənin 39.1.2 (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə əsasən, işə xitam verilib. Bununla əlaqədar cinayət işində adları keçən təşkilatların rəhbərlərinin ərizələri alınıb. Onlar ərizə ilə müraciət edir, bunun əsasında xitam verilir", – prokurorluqdan belə deyilib.
"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı da "Azadlıq" radiosuna məlumatı təsdiqləyib. 
Hüquq müdafiəçisi bildirib ki, onu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov idarəyə dəvət edib və ərizə yazması istənilib: "Ərizədə göstərdim ki, cinayət tərkibi olmadığına görə xahiş edirəm, cinayət işinə xitam verilsin. Mənə də bildirildi ki, işə xitam verilir...".
 
Avropa Məhkəməsinin gəldiyi qənaət
 
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (bu qurumun adı sonradan dəyişib sadəcə İstintaq İdarəsi oldu-red.) 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi başlanmışdı.
Həmin il bir sıra hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və başqaları bu cinayət işi çərçivəsində həbs olunmuşdu. 
Onlar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və başqa əməllərdə ittiham olunsalar da, özləri ittihamları qəbul etmirdilər. 
Avropa İnsan Hüquqları Məhkəməsi də bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını, həbs olunanların konkret cinayət əməlinə görə cəzalandırıldığını iddia edir.