Prokurorluq: “Təfəkkür” Universitetinin prorektorunun qətlini sabiq rektor sifariş edib

“Təfəkkür” Universitetinin 2011-ci il sentyabrın 16-da öldürülümüş prorektoru Tariyel Əhmədovun qətlini həmin universitetin sabiq rektoru olan Müşviq Atakişiyev sifariş edib.

Operativtv.com Toplum Tv-yə istinadən xəbər verir ki, bu barədə noyabrın 16-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib. Müşviq Atakişiyevin Tariyel Əhmədovun qətlini onun işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi səbəbindən pul müqabilində sifariş etdiyi qeyd edilib.

Baş Prokurorluğun açıqlamasına görə, Müşviq Atakişiyevin Tariyel Əhmədovun qətlini öz qohumu Dəyanət Quliyevə sifariş verdiyi, sonuncunun isə cinayət əməlini həmkəndlisi Samir Quliyevlə birgə törətməsinə dair şübhələr müəyyən edilib.

Müşviq Atakişiyev qətlin sifarişçisi, Samir Quliyev isə icraçısı kimi Cinayət Məcəlləsinin 120.2.5-ci, tamah məqsədilə qəsdən adam öldürmə maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.

Müşviq Atakişiyev həbs olunana qədər Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İnstitutun nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.