Gənc fəal dövlət tərəfindən ona vəkil təyin olunmasına etiraz etdi - Video

Sentyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə AXCP fəalı Fuad Əhmədlinin cəza müddətinin üçdə birini çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında Suraxanı rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə əsasən məhkəmə proesi keçirilib. Prosesdə F. Əhmədlinin özü də iştirak edib.
Məhkəmə heyəti Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayevin vəkillik fəaliyyətindən bir il müddətinə uzaqlaşdırıldıqdan sonra gənc fəalın müdafiəsiz qaldığını və bu səbəbdən də ona dövlət vəkili təyin edilməsi barədə qərar qəbul edib. Fuad Əhmədli məhkəmədə ona dövlət tərəfindən vəkil təyin edilməsinə etirazını bildirib. Məhkəmə növbəti prosesin 4 oktyabr saat 16:00-a təyin edildiyini elan edib.
Xatırladaq ki, AXCP fəalı Fuad Əhmədli 2016-cı ilin avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Fuad Əhmədlinin "Azərfon" MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürdüyünü bildiriblər. İttiham aktında onun mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapıldığı da öz əksini tapıb. Fuad Əhmədli CM-nin 302 (əməliyyat və axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham edilir. 16 iyul 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi gənc fəalın 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 17 avqust 2017-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmə 7 mart 2018-ci il tarixdə kassasiya şikayətini təmin etməyib.