Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib

Noyabrın 26-da da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquqşünas və hökumət tənqidçisi Namizəd Səfərovun cinayət işi üzrə sonuncu iclas keçirilib.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən prosesdə prokuror onun 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Namizəd Səfərov ötən il dekabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulur.

N. Səfərov əvvəlki iclasların birində zərərçəkən kimi tanınan şəxsi tanımadığını demişdi. O, həmçinin saxlanılan zaman yanında olan şəxslərin şahid qismində dindirilməsini və ofisinin yaxınlığındakı təhlükəsizlik kameralarının görüntülərinin araşdırılmasını istəmişdi. Məhkəmə həmin vəsatətləri baxılmamış saxlamışdı.

İttiham aktına əsasən, Namizəd Səfərov vəzifəli tanışları vasitəsilə Günel Əfəndiyevanı vəzifəyə təyin etdirəcəyini vəd edib, bu məqsədlə ondan 53 min manat alıb. İstintaqın iddiasına görə, o, vədinə əməl etməyib.

Hüquqşünas ittihamı rədd edir və təqsirsiz olduğunu bildirir. O, siyasi baxışlarına və tənqidi fikirlərinə görə cəzalandırıldığını deyir. N. Səfərov Milli Şuranın üzvü olub, lakin 2020-ci ildə bu qurumdan istefa verib. Son dövrlərdə xaricdəki mühacirlərin formalaşdırdığı Azərbaycan Xalq Parlamentinin üzvü idi.

Hüquqşünas ayrı-ayrı illərdə deputatlığa və prezidentliyə namizədliyini də irəli sürüb.