Amerikalı milyarder “Lukoyl” ilə sövdələşməyə dair razılığa gəlib

Amerikalı milyarder Todd Boeli ABŞ-nin sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkəti ilə onun beynəlxalq enerji aktivlərinin alınmasına dair saziş imzalayıb. Bu barədə o, çərşənbə günü, noyabrın 25-də “Reuters” agentliyinə məlumat verib. Alıcılar konsorsiumuna ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) da daxildir.

Danışıqları bir ildən artıq davam edən sövdələşmə “Lukoyl”un 10 milyard dollar dəyərindəki səhmlərinin şirkətin beynəlxalq aktivləri ilə dəyişdirilməsini nəzərdə tutur. Bu aktivlərin ümumi dəyəri təxminən 16 milyard dollar qiymətləndirilir. ABŞ Maliyyə Nazirliyi sazişin milli təhlükəsizlik maraqlarına uyğunluğunu yoxlayacaq.

 

ABŞ gələcək mənfəətdən pay alacaq

Sövdələşmə təsdiqlənəcəyi təqdirdə, özəl investorlar qoyduqları kapitalı və razılaşdırılmış gəlirliliyi geri qazandıqdan sonra Vaşinqton gələcək mənfəətin bir hissəsini əldə edəcək. Amerika tərəfi həmçinin yeni şirkətin direktorlar şurasında yer alacaq. Danışıqlar iştirakçılarının sözlərinə görə, bu sövdələşmə Moskvanın Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağa və strateji əhəmiyyətli bazarlarda Rusiya təsirini Amerika təsiri ilə əvəzləməyə imkan verəcək.

“Lukoyl”un beynəlxalq portfeli 11 ölkəni əhatə edir. Buraya sutkada təxminən 350 min barel neft hasil edən müəssisələr, Azərbaycan və Qazaxıstandakı iri yataqlar, Niderland, Bolqarıstan və Rumıniyadakı neft emalı zavodları, eləcə də ABŞ daxil olmaqla yanacaqdoldurma məntəqələri şəbəkəsi daxildir.

 

Sövdələşməni ABŞ Maliyyə Nazirliyi yoxlayacaq

Sövdələşmənin başa çatdırılması üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsi tələb olunur. Portfelin miqyasına görə yoxlama prosesi uzun çəkə bilər. Boeli sövdələşməni bir il ərzində yekunlaşdırmağı planlaşdırır. Yeni müəssisə fərqli ad alacaq.

Mübadilə üçün nəzərdə tutulan “Lukoyl” səhmləri əvvəllər onları özəl investorların maraqları naminə saxlayan Amerika və Britaniya fondlarına və depozitar banklarına məxsus olub. 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu qiymətli kağızlar dondurulub və dəyərdən düşüb. İndi onlar birbaşa “Lukoyl”a verilmədən Birləşmiş Ərəb Əmirliklərindəki eskrou hesabına yerləşdiriləcək. Bu, Rusiya şirkətinin birbaşa maliyyə faydası əldə etməsini istisna etməlidir.

 

Konsorsiumun tərkibi dəyişib

Boelidən əlavə, konsorsiuma Amerikanın “Xtellus Partners” bankı və BƏƏ-nin “Catena Investment Holding” şirkəti daxildir. Digər iki iştirakçı — suriyalı-qətərli Əl-Xəyyat qardaşları və Əbu-Dabidə yerləşən “International Holding Company” ötən həftə konsorsiumdan çıxıb. “Reuters” mənbələrinin məlumatına görə, bu addım investorların ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə kommersiya əlaqələri səbəbindən yarana biləcək siyasi iradlar riskini azalda bilər.

DFC aktivlərin alınmasını “Chevron”, “Glencore” və “Carlyle Group” daxil olmaqla bir neçə şirkətlə müzakirə etmişdi. Əvvəllər digər namizədlər də “Lukoyl” ilə sazişlər bağlasalar da, sövdələşmələri tamamlaya bilməmişdilər.

2025-ci ildə “Lukoyl” sonradan adı “Centalion” olaraq dəyişdirilən “Gunvor” şirkətinin təklifini qəbul etmişdi. Lakin ABŞ-nin maliyyə naziri Skott Bessent onu “Kremlin kuklası” adlandırdıqdan sonra “Gunvor” alışdan imtina etmişdi. Yanvar ayında “Carlyle Group” da razılaşma əldə etdiyini elan etmiş, lakin OFAC lisenziyasını ala bilməmişdi.