Azərbaycanlı və erməni QHT təmsilçiləri birgə fəaliyyətləri üçün komitələr yaradılıb

Azərbaycan və Ermənistandan olan qeyri-hökumət təşkilatları (QHT) və media təmsilçiləri birgə fəaliyyət məqsədilə komitələrin yaradılmasına qərar verib.

Bu barədə Azərbaycan nümayəndə heyətinin üzvü, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədr müavini Fərhad Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər arasında bu dəfə baş tutan görüş əvvəlkilərdən ümumi müzakirələrlə yanaşı tematik komitələrin də fəaliyyət göstərməsi ilə fərqlənir. F.Məmmədov əlavə edib ki, komitələr ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media istiqamətləri üzrə çalışacaq.

“Bu format çərçivəsində növbəti mərhələdə görülə biləcək işlər, dövlətlərə təqdim ediləcək təkliflər, mövcud fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunur. Təşəbbüsün əsas xüsusiyyətlərindən biri vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət rəsmiləri ilə birbaşa ünsiyyət qurmasıdır. Bizim dialoqumuz səmimi söhbət və bəlkə də həssas məsələlərin müzakirəsidir. Artıq elə bir mərhələyə çatmışıq ki, qapalı mövzularımız yoxdur. Bir-birimizə suallar verə və cavablar ala bilirik”, - o qeyd edib.

“Sülh Körpüsü” adlanan təşəbbüs çərçivəsində noyabrın 26-27-da Ermənistanda baş tutan görüş sayca beşincidir. İlk görüş 2025-ci il oktyabrın 21-22-də Yerevanda, ikinci görüş isə həmin il noyabrın 21-22-də Bakıda baş tutub.