AXCP fəalı ''yatağını səliqəli yığmadığına görə'' həbsdə qaldı

Fuad Əhmədli: “Vaxt gələcək, belə qanunsuzluqlara görə ağlayacaqsız”

İyulun 19-da 16 saylı cəzaçəkmə müəssisəsində AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədlinin məhkəməsi keçirilib. Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev F.Əhmədlinin cəzasının 1/3 hissəsindən daha artığını çəkməsi və bu əsasla vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsinə gəlib cəzaçəkmə müəssisəsində baxıb.
Bu barədə Meydan TV-yə F.Əhmədlinin atası Zəfər Əhmədli məlumat verib.

Onun sözlərinə görə, cəbhəçi gənc haqqında hakim qarşısında müəssisənin dəstə rəhbəri Emin Əbdürrəhmanov rəy verib. Bildirib ki, "Fuad Əhmədli yatağını bir dəfə səliqəsiz yığıb, müəssisənin ictimai həyatında aktiv iştirak etmir, özünə qapanır, az ünsiyyətdə olur".

Hakim F.Əhmədlinin hələlik islah olmadığı əsasıyla onun ərizəsini təmin etməyib.

"Fuad hakimdən ironiya ilə soruşub ki, "cənab hakim, yerimi səliqəli yığmağı öyrənsəm, məni buraxacaqsız?" Hakim cavab verməyib, gülüblər. Fuad da qayıdıb ki, "məhkəmə sistemi o qədər gülünc vəziyyətdədir ki, ona ancaq gülmək lazımdır. Amma vaxt gələcək belə qanunsuzluqlarınıza görə ağlayacaqsınız. Onda da biz sizə güləcəyik", - Zəfər Əhmədli bildirib.

Atası əlavə edib ki, Suraxanı Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.

F.Əhmədli 2016-cı il avqustun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək, 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, o, operator işlədiyi “Azerfon” şirkətində (NarMobile) bir neçə müştəri haqda məlumatları kənar şəxslərə ötürüb. İddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdən Fətullah Gülən haqda disklər, kitablar tapılıb. Ancaq məhkəməsində və ittiham aktında bu haqda heç bir fikir bildirilməyib.

F.Əhmədli həm evindən Gülənə aid materialların tapılması, həm müştəri məlumatlarını yayması haqda ittihamları rədd edib. Bildirib ki, o, AXCP üzvü olduğuna, hakimiyyəti tənqid etdiyinə görə sifarişlə həbs olunub.