İsrail Livanda daha 15 mülki şəxsi öldürdü

Atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubundakı 4 bölgəyə endirdiyi hava hücumlarında 15 nəfərin şəhid olduğu bildirilib.

Sionist ordusu 17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, Livanın cənubuna hava hücumlarını davam etdirir.

Livan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, dünən İsrailin Nəbatiyyə quberniyasında endirdiyi hava hücumlarında 2 səhiyyə işçisi də daxil olmaqla 5 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Bəyanatda əlavə edilib ki, Nəbatiyyədəki Cəbşit şəhərini hədəf alan hücumda biri əsgər də daxil olmaqla 4 nəfər şəhid olub.

Bint Cbeil rayonundakı Kafer Dunin şəhərinə edilən hücumda biri uşaq da daxil olmaqla 4 nəfərin şəhid olduğu da qeyd edilib.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Deyr Zehrani şəhərinə edilən hava hücumunda iki nəfər həlak olub.

Bu arada, Hizbullahın yazılı açıqlamasında atəşkəsin pozulmasına cavab olaraq İsrail əsgərlərinin, Merkava tanklarının, hərbi maşınlarının və Livanın cənubunun işğal olunmuş ərazilərindəki hərbi məntəqələrin hədəf alındığı bildirilib.

Bəyanatda qeyd olunub ki, Hula, Bayyada, Deyr Suryan, Xirbet Menara, Tayr Harfa, Tayba, Rəşaf, Nakura və Abbad ərazilərində İsrail ordusuna qarşı ümumilikdə 25 hücum həyata keçirilib.

Hizbullah bildirib ki, hücumlar İsrail ordusunun Merkava tanklarını, Hummer tipli hərbi maşınlarını, rabitə sistemlərini və raketlər, artilleriya atəşi və kamikaze dronları ilə PUA siqnal bloklama sistemlərini hədəf alıb.