25 aydır belə absurd “sübut”larla ittiham olunuram

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov onun barəsində aparılan istintaqla bağlı fikirlərini ictimaiyyətlə bölüşüb.
Fərid İsmayılovun yazdıqlarını olduğu kimi təqdim edirik:
“Dünyanın istənilən sivil ölkəsində belə cinayət işi hazırlayan müstəntiqlər qrupu dövlət büdcəsinin səmərəsiz istifadəsinə görə çoxdan həbs olunmuşdu. Amma mən 25 aydır belə absurd “sübut”larla ittiham olunuram, 14 aydır girov saxlanılıram. Vəsatətim bu “sübut”larla bağlıdır. İnsanlar görsün ki, bu ölkədə hüquq-mühafizə, məhkəmə orqanlarında insanları şərləyənlərin İQ səviyyəsi nə vəziyyətdədir.
Cild 23, səhifə 17-də yazılıb ki, Fərid İsmayılovun mənzilindən 62 ədəd 50 avroluq əskinas aşkarlanıb. Cild 10, səhifə 1 – 74-də də yazılıb ki, 62 ədəd pulun yalnız 4-də barmaq izim “aşkarlanıb”, özü də yalnız 1 barmağım. Məsələn, çeçələ. Bütün bunları yazan istintaq orqanı həm də Cild 1, səhifə 254-259-da yazır ki, polis Fəridin mənzilində axtarış yox, “daxil olma və baxış keçirmə” səlahiyyətinə sahib olub. Məhkəmə qərarı pozulub, şahid yox, foto-video yox. Məhkəmə necə əmin olub ki, 62 ədəd əskinas idi? Bəlkə çox idi? Evindən 17 milyon pul çıxdığı deyilən Ramiz Mehdiyev evindədir, mən BİT-də (Bakı İstintaq Təcridxanası). Niyə? Mehdiyevə çatanda qanun yada düşür?
Cild 4, səhifə 133-229-da yazılır ki, Fərid İsmayılovun nömrəsi insanlarda var. Cild 16, səhifə 215-216-da yazılır ki, bu ölkədə istintaqın “Fərid” adlı tanıdığı yeganə adam mənəm.
Cild 20, səhifə 145-153-də yazılır ki, Fərid 7 dəfə ölkə xaricində olub. Bu niyə cinayət sayılmalıdır? Azər Tağıyev, siz on dəfələrlə ölkə xaricində olmusunuz. Sizi nə vaxt həbs edəcəklər?
Medianın yayım aparmasına imkan verin, vətəndaş görsün ki, həqiqəti yazan jurnalistlər hansı “əsasla” girov saxlanılır. Ölkədə çirkli pulların hansı mənzillərdə gizlədildiyini dəfələrlə çəkmişəm, göstərmişəm. Cəsarətiniz varsa, açın cinayət işi, göstərin ki, bu ölkədə əsl qaçaqmalçılığı kimlər edir. Mən göstərmişəm deyə bu gün buradayam”.