“Meydan TV işi” ilə bağlı cinayət işi üzrə həbs olunan müstəqil jurnalist Ülviyyə Əlinin (Quliyevanın) zorakılıqla üzləşdiyi barədə şikayətinin prokurorluğa göndərildiyi bildirilir.
Mayın 7-də Xətai rayon Məhkəməsində həbs qərarı verilən iclasda çıxış edən jurnalist saxlanılarkən qaba və insan ləyaqətini alçaldan davranışa məruz qaldığını demişdi:
“Ülviyyə polislərin bu davranışlarını məhkəmədə danışıb. Hakim də qərar verib ki, prokurorluq zorakılıq şikayətini araşdırsın”.
Yaxınlarının verdiyi məlumata görə, saxlanılarkən başına vurulan zərbələr üzündən jurnalistin səhhətində ciddi problemlər yaranıb. İndi Bakı İstintaq Təcridxanasında saxlanılan Ülviyyə Əlinin kəskin baş ağrılarından əziyyət çəkdiyi və təcili müayinəyə ehtiyac duyduğu deyilir.
Meydan TV-nin həbsdə olan əməkdaşı Aytac Tapdıq da mayın 10-da həbsxanadan göndərdiyi məktubda Ülviyyə Əlinin həyatının təhlükədə olduğunu bildirmişdi.
“Jurnalist Ülviyyə Əli (Quliyeva) Bakı şəhər Baş Polis İdarəsində polis zorakılığına məruz qalandan, başının müxtəlif nahiyələrindən aldığı çoxsaylı zərbələrdən sonra, iki dəfə müvəqqəti saxlanma yerində, bir dəfə də Kürdəxanıda qusub. Başında şiddətli ağrıları var”, – Aytac Tapdıq 1 saylı Bakı İstintaq Təcridxanasından göndəriyi məktubunda yazıb.
Jurnalistin zorakılığa məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi münasibət bildirməyib.
Jurnalist Ülviyyə Əlinin zorakılıqla üzləşdiyi barədə şikayətinin prokurorluğa göndərildiyi bildirilir