Narkotik ittihamı ilə həbs edilən keçmiş Gəncə məhbusu Quliyev Kamal Qüdrət oğlunun məhkəməsi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində 24 oktyabr tarixində kecirilən son prosesdə Kamal Quliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Kamal Quliyev 2018-ci il iyulun10-da Gəncə şəhərində, İcra Hakimiyyətinin qarşısında keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə saxlanılıb. Etiraz aksiyası 2018-ci ilin 3 iyulunda Yunis Səfərovun Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevə qarşı silahlı müqavimətdən sonra baş tutmuşdu. Belə ki, polis idarəsində saxlanılan Yunis Səfərovun işgəncəyə məruz qoyulmasını əks etdirən şəkilləri internetdə yayılandan sonra bu vəhşiliyə etiraz edənlər aksiya keçirdi. Aksiyada iştirak edənlər və etməyənlər saxlanıldı və ya ogurlandı.
"Gəncə işi" adlandırılan bu işdə 100-ə yaxın şəxs haqqında cinayət işi qaldırıldı. Saxlanılan şəxslərə ağlasığmaz işgəncələr verildi. Gəncə işi ilə bağlı 10 nəfər həyatını itirdi, 6 nəfər istintaqsız-məhkəməsiz qətlə yetirildi. 2 polis əməkdaşı isə aksiya zamanı müəmmalı şəkildə öldürüldü.
Həbs edilənlərdən 3 nəfər - Aydın Qurbanov, Eşqin Quliyev Pentensiar Xidmətin Müalicə Mərkəzində, Müşfiq Abdullayev isə həbsxanada dünyasını dəyişdi.
Xatırladaq ki, Kamal Quliyev Azərbaycan CM-nin 220.1 və 315.2-ci maddələri ilə ittiham edilmişdi. O, 2019-cu ilin 22 fevral tarixində Gecə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilmişdi. Kamal Quliyev prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı.
Onu da qeyd edək ki, keçmiş Gəncə məhbuslarından Kamil Quliyevlə yanaşı Şahin Verdiyev, Alim Yusifov, Araz Həsənov, Mireşqin Seyidov, Yavər İsmayılzadə və Elvin Nəzərov 2022-cü ildə başladılan şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi layihəsi çərçivəsində yenidən tutulublar.
Yavər İsmayılzadə, Alim Yusifov və Kamil Quliyevə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay, Şahin Verdiyevə isə 3 il 6 ay həbs cəzası verilib. Hazırda Mireşqin Seyidovun, Araz Həsənovun (Gəncə Ağır Cinayətlər Məhkəməsi) və Elvin Nəzərovun (Şəki Ağır Cinayətlər Məhkəməsi) məhkəməsi davam etdirilir.
Keçmiş Gəncə məhbusuna yenidən hökm oxundu: 5 il 6 ay