Pezeşkian: Qardaş ölkə Azərbaycanla əlaqələrimizi yaxşılaşdırmaq çox vacibdir

İran prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, Pezeşkiyan iki ölkənin ortaq tarixi və mədəni bağlara malik olduğuna diqqət çəkib və Azərbaycanla əlaqələri inkişaf etdirməyi çox dəyərli hesab etdiklərini vurğulayıb. Prezident deyib ki, siz bizim qardaşlarımızsınız və iki ölkə arasında münasibətlərin inkişafı bizim üçün son dərəcə vacibdir.

Bölgədə xarici qüvvələrin mövcudluğunun bölgə ölkələrinin maraqlarına zərər verdiyini bildirən Pezeşkiyan, problemlərin ölkələr arasında həll edilməsi lazım olduğunu bildirib. Bundan əlavə, Pezeşkiyan iki ölkə arasında razılaşmaların icrasının sürətləndirilməsinin vacibliyini vurğulayaraq, “İran Azərbaycan Respublikası ilə münasibətləri yaxşılaşdıracaq hər cür layihə və təşəbbüsləri dəstəkləyir” deyib.

Pezeşkiyan Mustafayevə 2022-ci ildə Azərbaycanın Tehrandakı səfirliyinə hücumun səbəbkarlarının mühakimə olunduğu işin hüquqi prosesinin ciddi şəkildə izləndiyini də çatdırıb.

Azərbaycan baş nazirinin müavini Mustafayev ölkəsinin İranla əlaqələri inkişaf etdirmək əzmində olduğunu bildirib və deyib: “Biz Azərbaycan Prezidenti İlham Əliyevin nümayəndəsi kimi İranla iqtisadiyyat, ticarət, enerji xətləri, mədəni əlaqələr, yollar, yol və dəmir yolu layihələri, təhlükəsizlik, müdafiə və tranzit kimi məsələlərdə işləyirik. Biz bu sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq” deyə bildirib.