Taxta bazarındakı yanğının söndürülməsinə 20 xüsusi texnika və 85 canlı qüvvə cəlb olunub

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Xatırladaq ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyevin məlumatına əsasən, saat 05:41-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında FHN-ə yanğın olması barədə məlumat daxil olub:

“Dörd dəqiqə sonra yaxınlıqda olan yanğınsöndürmə bölməsi hadisə yerinə çataraq, yanğını yüksək çağırışlı elan etməklə, 2 saylı çağırış elan edib. Havanın küləkli olması, həmçinin yanğın mənbəyinin yüksək gərginlikli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin həyatına təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib”.