Oktyabrın 7-də HƏMAS deyil, İsrail helikopteri festival ərazisinə atəş açıb

Haaretz qəzeti polis mənbəsinə əsaslanaraq xəbərlərində 7 oktyabr hücumları ilə bağlı açıqlamalar verib. Xəbərdə oktyabrın 7-də İsrail helikopterlərinin festival ərazisində insanlara atəş açdığı bildirilib.

İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərinin HƏMAS üzvlərinin sorğu-sual qeydləri və polisin hadisə ilə bağlı araşdırmasına əsaslanan qiymətləndirməsində, Qəzza zolağı yaxınlığında keçirilən musiqi festivalı ilə bağlı HƏMAS-ın əvvəlcədən məlumatının olmadığı bildirilib.

Yediot Ahranoth qəzeti daha əvvəl İsrail helikopterlərinin festival ərazisinə təsadüfi atəş açdığını bildirmişdi.

Sionist İsrail ordusunun müdaxilə zamanı yaşadığı vəziyyətlə bağlı aşağıdakı açıqlamalar verilib:

"Həmas üzvlərinə izdihamla yavaş-yavaş qarışmaq və heç bir halda hərəkət etməmək tapşırılıb. Bu yolla hava qüvvələrini aldatmağa çalışıblar ki, aşağıda olanlar israillidir. Bu hiylə bir müddət, Apaçi vertolyotları gələnə qədər işləyirdi. Pilotlar kimin terrorçu, kimin israilli olduğunu ayırd etməkdə çətinlik çəkdilər."

Amerikanın Associated Press Xəbər Agentliyinin dərc etdiyi görüntülər də deyilənləri dəstəkləyir. Avtomobillərə ciddi ziyan dəydiyi açıq-aydın görünür. Bu zərərin vertolyot raketləri tərəfindən törədildiyi və HƏMAS-ın belə bir silaha sahib olmadığı şərh edilir.

Helikopterlərin HƏMAS üzvlərinin qarşısını almağa çalışarkən mülki şəxsləri vurduğu bildirilib və həmin anların görüntüləri də paylaşılıb.

Festival hücumundan sağ çıxan israilli daha əvvəl Tel-Əviv rəhbərliyini ittiham etmişdi. O, açıqlamasında tankların mülki şəxslərə atəş açdığını bildirib.