Rusiya Putinin vəd etdiyi kimi bəzi Afrika ölkələrinə pulsuz taxıl göndərməyə başladı

Rusiya prezidenti Vladimir Putin yayda verdiyi açıqlamada altı Afrika ölkəsinə pulsuz taxıl paylayacaqlarına söz vermişdi.

Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev ölkəsinin prezident Vladimir Putinin vəd etdiyi pulsuz taxılın müxtəlif Afrika ölkələrinə çatdırılmasına başladığını bildirib. Patruşev, "Somali və Burkina Fasoya göndərilən hər biri 25 min tonluq ilk iki gəmi Rusiya limanlarından ayrıldı. Onların noyabrın sonu və dekabrın əvvəlində gəlməsini gözləyirik" dedi.

Nazir Patruşev bəyan edib ki, Moskva indidən yeni ilə qədər ümumilikdə 200 min ton rus buğdasını Afrika ölkələrinə pulsuz göndərəcək. Nazirliyin Telegram hesabında yayımlanan açıqlamada, "Buğda yüklü gəmilərin ilin sonuna qədər Eritreya, Mali, Zimbabve və Mərkəzi Afrika Respublikasına göndəriləcəyi" bildirilib.

Rusiya prezidenti Vladimir Putin yayda verdiyi açıqlamada altı Afrika ölkəsinə pulsuz taxıl paylanacağına söz vermişdi.

Sözügedən yardım Avropa ölkələrinin Afrikada problem yaşadığı dövrə təsadüf edir.

 

151 gəmi Ukraynanın “Yeni Qara dəniz marşrutu”ndan istifadə edib

Bu arada, avqust ayından etibarən Ukraynanın yeni Qara Dəniz Gəmiçilik Dəhlizindən 151 ticarət gəmisi istifadə edib.

Ukraynanın abadlıq və infrastruktur nazirinin müavini Yuri Vaskov məlumat verib ki, indiyədək dəhliz vasitəsilə ümumilikdə 4,4 milyon metrik ton yük, o cümlədən 3,2 milyon ton taxıl daşınıb.

Ukraynanın taxıl ixracatının Qara dənizdən təhlükəsiz keçməsini təmin edən və Türkiyənin təşəbbüsü ilə başlayan BMT-nin dəstəklədiyi razılaşma iyul ayında Rusiyanın geri çəkilməsi ilə iflasa uğradı.

Vaskov bildirib ki, hazırda Ukrayna limanlarında 30 gəmi yüklənir. Bunlara 700 min ton taxıl daşıyacaq 22 gəmi və 500 min ton digər yükləri daşıyacaq səkkiz gəmi daxildir. Ukrayna da Rusiya kimi dünyanın aparıcı taxıl istehsalçılarından və ixracatçılarından biridir.

Davam edən taxıl ixracı ötən il təxminən üçdə bir azalan iqtisadiyyatının açarıdır. Bu il onun təxminən 5 faiz artacağı gözlənilir.