Qırğızıstan niqabı, uzun saqqalı yasaqlamaq istəyir

Əsasən müsəlmanların yaşadığı Qırğızıstanda qadınların geyimi, kişilərin saqqal uzatması müzakirə olunur.

7 milyon əhalisi olan bu keçmiş sovet respublikasının parlamenti qadınların bütün bədənlərini örtən niqab geyinməsini, kişilərin isə saqqal uzatmasını qadağan edəcək qanun layihəsini açıqlayıb. Layihənin məqsədi kimi "ictimai təhlükəsizlik" göstərilir.

Noyabrın 14-də ictimai müzakirəyə çıxarılmış layihədə deyilir ki, adamların üzlərinin görünməsi, şəxsiyyətlərin müəyyənləşdirilməsindən ötrü tədbirlər görülməlidir.

 

Cərimə və ictimai iş

Qanunu pozanlar üçün 22 dollar cərimə, yaxud 30 saatlıq ictimai iş nəzərdə tutulur. Təkrar pozuntu 44 dollar cərimə, 40 saatlıq ictimai xidmət cəzası ilə nəticələnə bilər. Layihədə saqqalın qanuni uzunluğu göstərilmir, görünür, belə bir mühakimə çox subyektiv hesab olunub. AzadlıqRadiosunun müxbiri Farangiz Nacibullah bu haqda yazır.

Qanun qəbul olunarsa, Qırğızıstan vətəndaşlarına aid ediləcək, turistlərə, diplomatlara, ölkədə müvəqqəti yaşayan digər əcnəbilərə deyil. Həmçinin üzlərini örtməyə tibbi səbəbləri olanlar da istisna sayılır.

Sərt dini inancın zahiri əlaməti sayılan islami geyim və uzun saqqal uzun illərdir Orta Asiyada müzakirə mövzusudur.

Qanun layihəsinin təşəbbüskarı olan deputat Şarapatkan Majitova deyib ki, qadağa yalnız bütün üzü bağlayan, yalnız gözlərin açıq qaldığı niqaba aiddir.

Deputatın sözlərinə görə, baş və boyunun örtüldüyü, üzün isə açıq saxlandığı hicaba qarşı deyil. Qırğızıstanın qonşuları Tacikistan, Özbəkistan və Qazaxıstanda məktəb və idarələrdə hicab qadağandır.

 

Oş səfərindən sonra

Majitovanın niqaba qarşı kampaniyası apreldə, cənubi Oş vilayətinə səfərindən sonra başlanıb. O, xeyli sayda yerli qadının bütün bədəni örtən, adətən qara rəngli geyimdə olmasından təlaşlandığını söyləyib.

"Onların yalnız gözləri görünürdü. Ürəyin istəyirsə, başını bağla, təpədən dırnağa qara geyimə niyə bürünürsən ki?", – Majitova səfərindən sonra parlamentdə bildirib.

Deputat Qırğızıstanın ali islam orqanı olan Müftiliyi qadınlar arasında niqabla, niyə çoxlarının buna qarşı çıxması ilə bağlı "izahat işi" başlatmağa çağırıb.

Majitovanın arqumentimə görə, ölkədə "paranca" kimi tanınan niqabın qadağası dini azadlığı məhdudlaşdırmır.

Dünyada azı 12 ölkə niqabı yasaqlayıb. Bu sırada hətta müsəlmanların çoxluq təşkil etmədiyi Avstriya, Danimarka, Fransa, Bolqarıstan, Niderland və Belçika da var.

 

İslamın artan nüfuzu

Son illər Orta Asiyada islam dini yüksəlişini yaşayır, özəlliklə 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra böyümüş nəsil arasında populyardır.

Regiondakı dünyəvi hökumətlər isə dinin artan nüfuzunun fərqindədir, tez-tez bunu ekstremizm və terrorçuluq təhdidi kimi yozurlar.

2016-cı ildə Oşda dövlət tədbirində niqablı qadınların fotosu dövlətin dəstəklədiyi kampaniyaya səbəb oldu, din pərdəsi altında Qırğızıstana "xarici" mədəniyyətin sırınması fikirləri səsləndi.

Niqaba təklif olunan qadağa isə ictimaiyyət, siyasətçilər və sosial mediada yeni müzakirələrə yol açıb.

Qırğızıstanın müftisi Zamir Rakiyev izah edib ki, İslamda niqab məcburi deyil, ancaq qadınların hicab taxması tələb olunur.

"Mutakallim" müsəlman qadın təşkilatının başçısı Jamal Frontbek kızı xəbərdarlıq edib ki, qadınları niqabı çıxarmağa inandırmaq çətin olacaq. O təklif edib ki, hökumət bunun əvəzində maarifləndirmə işi aparsın, qadınları buna inandırsın.

"Niqab radikallıq və ekstremizmlə əlaqələndirilməməlidir. Biz qadağa çıxaracaq avtoritar ölkə deyilik", – o, AzadlıqRadiosunun qırğız xidmətinə deyib.

 

Sosial medianın reaksiyası

Sosial media istifadəçiləri qanun layihəsinə qarışıq reaksiya veriblər. Bəziləri onu alqışlayaraq "düzgündür", "vaxtı çatıb" deyiblər.

Digərləri isə etiraz ediblər: "Qoy kimin ürəyi nə istəyir, onu geyinsin".

"Eyni məntiqlə üz maskasını, günəş eynəyini də qadağan etməliyik", – bir sosial media istifadəçisi qadağanın effektinin olmayacağını söyləyib.

Bir qisim isə mini ətəyi, şortiki də yasaqlamağa səsləyib.

"Deputatlarımız daha vacib məsələlər barədə düşünə bilmirlər?", – bir postda yazılıb.

"Gəlin, əvvəlcə bərbad yollarımızı təmir edək", – digəri vurğulayıb.

 

Azadlıq Radiosu