İran və İsrailin Azərbaycandakı səfirləri arasında mübahisə davam edir

İran və İsrailin Azərbaycanda olan səfirləri arasında gərgin söz savaşı davam etməkdədir. Bu dəfə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz Tvitter hesabında ötən gün ona cavab verən İsrailin Azərbaycandakı səfiri Corc Dikə cavab verib. O, Tvitter hesabında yazıb:

“Hey... ! Hörümçək toru olduğunu bilməniz kifayətdir. Mənə maraqlıdır ki, görəsən, niyə sizin "polad hörümçək torunuz" HƏMAS-ın bir neçə döyüşçüsünü məğlub edə bilmədi və bunun əvəzinə 10 000 dinc sakini öldürdü, onlardan 4 000-i uşaqdır! Bu şəbəkə sizin ölümünüz üçün bizim əllərimizlə ilgəyə çəkiləcək".

Xatırladaq ki, ötən gün İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial media üzərindən paylaşım edərək Seyid Abbas Musəvinin: "İndiki mərhələdə sizə sadəcə cəsur HƏMAS döyüşçüləri kifayətdir. Siz hörümçək torundan daha boş və zəifsiz. Unutmayın ki, bir gün İran müdaxilə etsə, bu dəfə Nil çayının yerinə Aralıq dənizində dəfn ediləcəksiz. Sizin xilas yolunuz yoxdur. İndi bütün dünya sizə qarşıdır! Azərbaycan cəsur, qorxmaz və müsəlman xalqı da digər xalqlar kimi işğalçı irqçilərə nifrət edir" - fikirlərinə cavab vermişdi.

O: "İran rejiminin səfirinə: peşəkardan pulsuz məsləhət: mənim ölkəmi məhv etməklə, məni isə  ölümlə (yenidən) təhdid etdiyiniz zaman adamların sizi ciddi qəbul etməsini istəyirsinizsə, hörümçək metafundan imtina etməlisiniz. Hörümçək ipəyi poladdan beş dəfə möhkəmdir. Bax, belə" – deyə səslənmişdi. Bu gün isə Seyid Abbas Musəvi onun bu fikirlərini cavablandırıb.